Dənizin dibində 80 ildir gizlənən təhlükə: SİRRİ AÇILDI

Norveç sahillərindən təxminən 150 metr dərinlikdə 80 ildən çoxdur Almaniyanın II Dünya müharibəsi dövrünə aid U-864 sualtı qayığı yatır. Onun içərisində Yaponiyaya göndərilməsi nəzərdə tutulan onlarla ton civə ola biləcəyi bildirilir.
Sfera.az xəbər verir ki, sualtı qayıq Norveçin Fedye adasının qərbində dənizin dibində yerləşir.
Tarixi sənədlərə əsasən, U-864-də 1 867 konteyner civənin daşınması nəzərdə tutulub. Konteynerlərin tam yükləndiyi halda ümumi civə miqdarının təxminən 65-67 ton ola biləcəyi ehtimal edilir. Lakin dəqiq yükləmə sənədləri qorunmadığından real miqdar müəyyən edilməyib.
U-864 1945-ci ilin fevralında Almaniyadan Yaponiyaya xüsusi missiya həyata keçirirdi. Sualtı qayıq texniki və hərbi avadanlıqla yanaşı, Yaponiyanın müdafiə sənayesi üçün nəzərdə tutulan materialları da daşıyırdı.
Lakin səfər Norveç sahillərində başa çatıb. Britaniyanın HMS Venturer sualtı qayığı Almaniya tərəfinin radio əlaqəsini müəyyən etdikdən sonra U-864-ə torpedo atıb. Sualtı qayıq batıb və göyərtəsindəki 73 nəfərin hamısı həlak olub.
Hadisə sualtı vəziyyətdə olan bir sualtı qayığın digərini batırdığı məlum olan nadir hadisələrdən biri hesab olunur. U-864-ün qalıqları yalnız 2003-cü ildə Norveç hərbi gəmisi tərəfindən aşkarlanıb. Araşdırmalar zamanı qayığın iki hissəyə parçalandığı və dənizin dibində ayrı-ayrı vəziyyətdə yerləşdiyi müəyyən edilib.
Civə ilə bağlı əsas narahatlıq onun ətraf mühitdə uzun müddət qala bilməsidir. Xüsusilə civənin mikroorqanizmlər tərəfindən metilsivəyə çevrilməsi təhlükə yaradır. Bu maddə qida zəncirində, xüsusilə balıqlarda toplana bilər.
Norveç Sahil Administrasiyası 2025-ci ilin mayında sualtı aparatlarla qalıqların yeni tədqiqatını aparıb. Çəkilişlər və ölçmələr əsasında sualtı qayığın və ətraf dəniz dibinin üçölçülü modeli hazırlanıb.
2026-cı ildə aparılan işlər zamanı qalıqlardan 22 civə konteyneri çıxarılıb. İlkin yoxlamalara görə, konteynerlərin təxminən 80 faizi zədələnmiş və hermetikliyini itirmiş vəziyyətdə olub. Təxminən yarım ton civə sahilə çıxarılıb. Bununla yanaşı, əməliyyat zamanı civənin bir hissəsinin suya yayıldığı bildirilib.
Hazırda Norveç qarşısında əsas sual qalıqları tamamilə çıxarmaq, yoxsa sualtı qayığı və çirklənmiş dəniz dibini xüsusi qoruyucu təbəqə ilə örtərək təcrid etməkdir.
Norveç Sahil Administrasiyası 2026-cı ildə aparılan işlərin nəticələrinə əsaslanaraq qalıqların örtülməsini tövsiyə edib. Qurumun qiymətləndirməsinə görə, genişmiqyaslı çıxarılma əməliyyatı təmizlənə biləcəyindən daha çox çirkləndiricinin ətraf mühitə yayılmasına səbəb ola bilər.
Bununla belə, qoruyucu örtük də problemin birdəfəlik həlli hesab edilmir və uzunmüddətli monitorinq tələb edir.
Norveç hakimiyyəti artıq uzun illərdir bölgədə balıq və digər dəniz məhsullarında civə səviyyəsini yoxlayır. İndiyədək aparılan araşdırmalarda civə göstəricilərinin sabit və ya aşağı səviyyədə olduğu bildirilir.
İnci
Sfera.az






