Hakerlər, qul əməyi və müharibə: Şimali Koreya milyardları necə qazanır?

Şimali Koreya Rusiya və Çinlə əlaqələrini gücləndirməklə, milyardlarla dollar vəsait xərcləyərək iqtisadi və hərbi imkanlarını artırıb. Lakin xərclənən milyardlar asanlıqla əldə edilmir. Bu gəlirlərin arxasında məcburi əmək, ağır iş şəraiti və xaricdə çalışan Şimali Koreya vətəndaşlarının istismarı ilə bağlı ciddi iddialar dayanır.
Sfera.az xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, Pxenyan Rusiyaya sursat və hərbçilər göndərir, bunun qarşılığında isə ərzaq və hərbi texnologiya əldə edir.
Minlərlə Şimali Koreya əsgərinin Ukraynadakı müharibəyə cəlb edildiyi və onların bir qisminin həlak olduğu bildirilir. Şimali Koreya xaricə işçi qüvvəsi göndərməklə də böyük gəlir əldə edir. Rusiyada çalışan bəzi işçilərin gündə təxminən 14 saat işlədiyi, ağır şəraitdə yaşadığı və ailələri ilə əlaqələrinin məhdudlaşdırıldığı qeyd olunur.Ölkənin kömür və dəmir mədənlərində də məcburi əməkdən istifadə edildiyi barədə məlumatlar var.
Eyni zamanda, Çinə ixrac olunan parik və süni kirpiklərin istehsalında əmək düşərgələrində saxlanılan məhbusların çalışdırıldığı iddia edilir.Şimali Koreyanın digər mühüm gəlir mənbəyi isə kiberhücumlar hesab olunur. "TRM Labs"ın məlumatına görə, 2026-cı ilin ilk dörd ayında dünyada oğurlanan kriptovalyutanın 76 faizi Şimali Koreya ilə əlaqəli haker qruplarının fəaliyyətinin payına düşüb.
Əldə olunan vəsaitlərin bir hissəsinin hakimiyyətin lüks xərclərinə, digər hissəsinin isə nüvə və raket proqramları da daxil olmaqla, hərbi məqsədlərə yönəldildiyi bildirilir. Ukrayna hərbçilərinin aşkarladığı sənədlərdə Şimali Koreya əsgərlərinin ağır döyüşlərə göndərildiyi və yaralıların təxliyəsindəki gecikmələrin böyük itkilərə səbəb olduğu qeyd edilir. Əsgərlərdən birinin gündəliyində isə müharibənin yaratdığı qorxu və ailəsinə qayıtmaq arzusu əks olunub.
İradə Elsevər






