Rusiya ordusu tükənir: İtkilər artır

Rusiya ordusunun Ukraynadakı aylıq itkiləri orduya yeni cəlb olunan hərbçilərin sayını təxminən 6 min nəfər üstələyir.
Sfera.az xəbər verir ki, bu barədə “The Guardian” Qərb rəsmilərinin qiymətləndirmələrinə istinadən məlumat yayıb.
"Rusiya gündə təxminən 1 000 nəfəri hərbi xidmətə cəlb etməkdə davam etsə də, son iki ay ərzində bu rəqəm döyüşlərdə ölən və yaralanan hərbçiləri əvəzləmək üçün kifayət etməyib. Hazırda Rusiyanın döyüşlər nəticəsində itirdiyi şəxslərin sayı ilə orduya cəlb edə bildiyi şəxslərin sayı arasında fərqin ayda təxminən 6 min nəfər olduğunu qiymətləndiririk”, – Qərb rəsmilərindən biri nəşrə bildirib.
Qərbdə hesab edirlər ki, Rusiya Prezidenti Vladimir Putin yaranan canlı qüvvə çatışmazlığına Ukraynanın mülki infrastrukturu və əhalisinə qarşı hücumları gücləndirməklə cavab verir.
"Məlumata görə, iyulun əvvəlindən etibarən Rusiya qüvvələri 360-dan çox raket atıb. Qərb rəsmiləri bunu Ukraynanın ballistik raketlərə qarşı hava hücumundan müdafiə imkanlarının məhdud olması ilə əlaqələndirirlər.
Görünür, Moskva bu qış Ukraynanın enerji infrastrukturunu dağıtmaqla əhalinin mənəvi ruhunu sarsıtmağa çalışacaq.Qərb rəsmiləri Rusiyada yeni səfərbərlik dalğasının elan edilməsinin də Moskva üçün ciddi siyasi və iqtisadi risklər yarada biləcəyini düşünürlər”, – Qərb rəsmisi bildirib.
Xatırladaq ki, 2022-ci ilin payızında Rusiyada elan olunan səfərbərlik zamanı təxminən 1 milyon Rusiya vətəndaşı ölkəni tərk etmişdi. Onların arasında çox sayda yüksək ixtisaslı mütəxəssis də olub. Bundan başqa, Rusiyanın hərbi texnika və zabit çatışmazlığı fonunda yüz minlərlə yeni hərbçini qəbul edib təlim keçirməyə və təmin etməyə nə dərəcədə hazır olduğu da sual doğurur. Qərb kəşfiyyatının qiymətləndirməsinə görə, hazırda Vladimir Putinin əsas məqsədi Ukraynaya qarşı tükəndirmə müharibəsini davam etdirməkdir. Moskvanın düşüncəsi isə Kiyevin müttəfiqlərinin dəstəyinin zamanla zəifləyəcəyi ehtimalına əsaslanır. Qərb kəşfiyyatına görə, Rusiya xüsusilə Avropa ölkələrinin Moskvanın Avropaya mümkün müdaxiləsi təhlükəsindən narahat olaraq Ukraynaya dəstəyi azaltmasına ümid edir./Modern.az






