Xamenein yeni təyinatları qüvvələr balansını dəyişib

İranın Ali Lideri Müctəba Xamenein yeni təyinatları hakim elita daxilində qüvvələr balansını dəyişib.
Sfera.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Hərbi təyinatlar gözlənilən idi. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı vəzifəsinə təyin olunan general Vahidi faktiki olaraq uzun müddətdir ki, bu quruma rəhbərlik edirdi və onun təyinatı sadəcə formal xarakter daşıyırdı. Eyni vəziyyət Müctəbanın son günlər təyin etdiyi digər hərbi rəhbərlərə də aiddir.
Lakin iki şəxsin təyin edilməsi rejimin rəhbərliyində qüvvələr balansını əhəmiyyətli dərəcədə dəyişib: Möhsin Rezainin Milli Təhlükəsizlik Ali Şurasının katibi, Hüseyn Taebin isə “Bəsic” təşkilatının rəhbəri təyin olunması.
Bu təyinatlar niyə bu qədər vacibdir? Gəlin ardıcıllıqla nəzərdən keçirək.
1. Möhsin Rezainin təyinatı
Əli Laricani aradan götürüldükdən sonra danışıqlar aparan şəxs və faktiki olaraq rejimin əsas qərarlarının qəbulunda ikinci şəxs rolunu parlamentin spikeri Baqir Qalibaf oynayırdı. Lakin Mohsin Rezainin Təhlükəsizlik Şurasının katibi təyin edilməsi faktiki olaraq Qalibafın roluna kölgə salır.
Müctəba və ya onun ətrafı Təhlükəsizlik Şurasına özünə sadiq şəxsi təyin etməklə rejimin ən mühüm qərarlarının qəbul edildiyi qurumda Qalibafın mövqelərini zəiflədib. Burada danışıqlardan və müharibədən tutmuş, öz xalqına qarşı repressiyalara qədər bir çox mühüm məsələlər müzakirə olunur.
2. Hüseyn Taebin təyinatı
Hüseyn Taebin “Bəsic”in rəhbəri təyin edilməsi rejimin mümkün xalq üsyanından qorxduğunu göstərir. “Bəsic”in əsas vəzifələrindən biri etirazların yatırılmasıdır. Bu struktur rejim tərəfindən dəfələrlə etirazçıların sərt şəkildə dağıdılması üçün istifadə olunub.
Hüseyn Taeb Müctəba Xameneinin ən yaxın tərəfdarlarından biridir. Taeb Müctəba Xamenei ilə İran-İraq müharibəsi zamanı tanış olub. Müharibədən sonra Taeb İran Kəşfiyyat Nazirliyində çalışıb, lakin keçmiş prezident Rəfsəncani ilə bağlı işlər ətrafında yaranan qalmaqallardan sonra vəzifəsindən uzaqlaşdırılıb.
Bundan sonra Müctəba Xamenei onu Ali Rəhbərin ofisində işə cəlb edib. Taeb burada ali rəhbərin ofisinin xüsusi kəşfiyyat xidmətinə rəhbərlik edib. Daha sonra Taeb SEPAH-ın kəşfiyyat xidmətinin rəhbəri təyin olunub və təxminən 12 il bu vəzifədə çalışıb.
Bu iki təyinat göstərir ki, Müctəba Xamenei və ya ali rəhbərin ofisindəki rəhbərlik öz adamlarını əsas vəzifələrə yerləşdirir./modern






