Makron Azərbaycana qarşı kampaniyaya niyə göz yumur?

Beynəlxalq münasibətlərdə dövlətlərin həqiqi niyyətini onların rəsmi bəyanatlarından daha çox davranışları müəyyən edir. Bu, realizm məktəbinin fundamental tezislərindən biridir. Dövlətlər bəyan etdikləri dəyərlərə görə deyil, həmin dəyərləri praktikada nə dərəcədə ardıcıl tətbiq etdiklərinə əsasən qiymətləndirilirlər. Məhz bu prizmadan yanaşdıqda, Emmanuel Makronun prezidentliyi dövründə Fransanın nümayiş etdirdiyi siyasi xətt ciddi ziddiyyətlər ortaya çıxarır.
Fransa özünü demokratiyanın, insan hüquqlarının və ifadə azadlığının qlobal müdafiəçilərindən biri kimi təqdim edir. Lakin ölkə ərazisində Azərbaycan Prezidentini və onun ailə üzvlərini ən kobud küçə leksikonu ilə sistemli şəkildə təhqir edən şəxslərin uzun müddət maneəsiz fəaliyyət göstərməsi bu iddianın universallığı ilə bağlı ciddi suallar doğurur. Burada söhbət siyasi tənqiddən getmir. Demokratik sistemlərdə dövlət başçılarının sərt tənqidi siyasi həyatın ayrılmaz tərkib hissəsidir. Ancaq siyasi tənqidlə şəxsiyyətin təhqiri arasında həm hüquqi, həm etik, həm də siyasi baxımdan fundamental fərqlər mövcuddur.
Siyasi kommunikasiya nəzəriyyəsinə əsasən, dövlət başçısı təkcə fərdi siyasi aktor deyil, həm də dövləti təmsil edən və onun legitimliyini simvolik səviyyədə ifadə edən ali siyasi institutdur. Bu baxımdan, ona və ailə üzvlərinə qarşı aparılan davamlı şər, təhqir kampaniyaları yalnız fərdi ifadə azadlığının təzahürü kimi deyil, dövlətin siyasi nüfuzuna və beynəlxalq imicinə yönəlmiş kommunikativ təsir vasitəsi kimi də qiymətləndirilə bilər. Xüsusilə belə fəaliyyət xarici dövlətin ərazisində uzun müddət maneəsiz davam etdikdə, məsələ artıq ayrı-ayrı şəxslərin davranışı çərçivəsini aşaraq dövlət məsuliyyəti müstəvisinə keçir.
Bu kontekstdə belə bir haqlı sual yaranır: Fransa niyə bu fəaliyyətlərin qarşısını almır?
Bu suala hüquqi mexanizmlərin olmaması arqumenti ilə cavab vermək qəbuledilməzdir. Fransa Avropanın ən güclü inzibati və hüquq-mühafizə sistemlərindən birinə malikdir. Terrorizmin təbliği, dini ekstremizm, antisemitizm, irqi nifrət, dezinformasiya və ictimai təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərlə bağlı Fransa dövlətinin dəfələrlə operativ və qətiyyətli tədbirlər gördüyü məlumdur. Bu fakt göstərir ki, problem hüquqi alətlərin və ya institusional imkanların çatışmazlığında deyil. Məsələ siyasi prioritetlərin necə müəyyənləşdirilməsində və onların hansı hallarda tətbiq edilməsindədir. Burada söhbət imkanın yoxluğundan deyil, siyasi iradənin seçici şəkildə nümayiş etdirilməsindən gedir. Bu isə “selektiv demokratiya” fenomeni barədə müzakirələri qaçılmaz edir.
Məhz bu məqamda “selektiv demokratiya” fenomeni özünü aydın şəkildə göstərir.
Əgər ifadə azadlığı prinsipi müəyyən dövlətlərə münasibətdə mümkün qədər geniş şərh edilir, digər hallarda isə müxtəlif hüquqi və inzibati məhdudiyyətlərlə tənzimlənirsə, artıq söhbət hüququn aliliyindən deyil, siyasi selektivlikdən gedir. Hüquqi prinsiplərin tətbiqində müşahidə olunan bu fərqlilik demokratik dəyərlərin universallığına dair iddiaların inandırıcılığını zəiflədir.
Fransanın Azərbaycana münasibətdə formalaşdırdığı yanaşma da məhz belə bir təsəvvür yaradır. Paris bir tərəfdən siyasi etika, demokratik standartlar və beynəlxalq hüququn aliliyi barədə ardıcıl bəyanatlar verir, digər tərəfdən isə öz ərazisinin başqa bir dövlətin ali siyasi rəhbərliyinə qarşı ən aşağı səviyyəli təhqir və söyüş kampaniyalarının platformasına çevrilməsinə uzun müddət mane olmur. Bu ziddiyyət Fransanın müdafiə etdiyini açıqladığı normativ dəyərlərin etibarlılığına və beynəlxalq nüfuzuna xələl gətirir.
Beynəlxalq münasibətlər nəzəriyyəsində “normativ güc” konsepsiyasına görə, dövlətlərin qlobal nüfuzu yalnız iqtisadi və hərbi potensialı ilə deyil, eyni zamanda müdafiə etdikləri prinsiplərə nə dərəcədə ardıcıl sadiq qalmaları ilə müəyyən olunur. Avropa İttifaqı və Fransa uzun illər xarici siyasətlərini məhz bu konsepsiya üzərində qurmağa çalışıblar. Lakin normativ gücün əsas dayağı ardıcıllıqdır. Prinsiplər seçici şəkildə tətbiq edildikdə, həmin normativ üstünlük də tədricən öz legitimliyini itirir.
Bu kontekstdə diqqətdən yayınmamalı olan daha fundamental məsələ isə qarşılıqlı münasibət prinsipidir.
Beynəlxalq münasibətlərdə qarşılıqlılıq prinsipi dövlətlərarası davranışın əsas təməl qaydalarından biri hesab olunur. Azərbaycan da istənilən xarici dövlətə münasibətdə analoji informasiya mühiti formalaşdırmaq üçün kifayət qədər resurslara malikdir. Əgər məqsəd informasiya qarşıdurmasını eyni metodlarla aparmaq olsaydı, Fransa Prezidentini və ailəsini hədəfə alan platformaların yaranmasına müxtəlif formalarda zəmin yaratmaq Azərbaycan üçün mürəkkəb məsələ olmazdı.
Nəzərə almaq lazımdır ki, Fransanın öz daxilində prezident Emmanuel Makronu kəskin tənqid edən, ona qarşı etiraz aksiyaları keçirən və siyasi legitimliyini sual altına alan çoxsaylı siyasi qüvvələr, ictimai qruplar fəaliyyət göstərir. Onların mövqelərinin beynəlxalq informasiya məkanında daha geniş işıqlandırılmasına dəstək vermək və ya Fransanın daxili siyasi problemlərini qlobal informasiya gündəminə çıxarmaq müasir informasiya texnologiyalarının imkanları şəraitində böyük maliyyə və ya təşkilati resurslar tələb etmir.
Bəllidir ki, Fransa prezidenti Emmanuel Makron ölkə daxilində ən çox tənqid olunan siyasi fiqurlardan biridir. Onun iqtisadi siyasəti və idarəetmə tərzi cəmiyyətdə ciddi narazılıq yaradıb. Şəxsi həyatı da daim diqqət mərkəzindədir. Özündən 24 yaş böyük həyat yoldaşı Brijit Makronla münasibətləri uzun illər müzakirə olunub. Bundan başqa, Brijit Makronun cinsi kimliyi və evliliyi ilə bağlı internetdə müxtəlif iddialar və konspirasiya nəzəriyyələri yayılıb. Bundan başqa, Makron Fransada ən çox təhqir olunan siyasi liderlərdən biridir. Etiraz aksiyalarında və sosial şəbəkələrdə ona qarşı “Varlıların prezidenti” (Président des riches), “Bankir” (Le banquier), “Yupiter” (Jupiter) kimi istehzalı ifadələr, “Makron istefa!” (Macron démission!) şüarları mütəmadi səsləndirilir. Bununla da kifayətlənməyən etirazçılar onu “ordure” (alçaq, zibil), “salaud” (əclaf) və “connard” (idiot, axmaq) kimi ağır təhqirlərlə də hədəfə alırlar. Hətta 2023-cü ildə Makronun sosial şəbəkədə “ordure” adlandırılması məhkəmə müstəvisinə qədər gedib çıxmışdı. Bütün bunlar göstərir ki, Makron öz ölkəsində belə sərt ictimai qəzəb və təhqirlərin hədəfinə çevrilən siyasi fiqurdur. Yəni Fransadan kifayət qədər narazı şəxslərdən tutub Azərbaycanda bəsləyib, belə bir şəxsi həyata və siyasi kimliyə malik Makronu təhqir etdirməkdən asan nə ola bilər ki?
Emmanuel Makron Fransada ən çox tənqid və təhqir olunan siyasi liderlərdən biridir. Etiraz aksiyalarında və sosial şəbəkələrdə ona qarşı “Varlıların prezidenti” (Président des riches), “Bankir” (Le banquier), “Yupiter” (Jupiter) kimi istehzalı ifadələr, “Makron istefa!” (Macron démission!) şüarları mütəmadi səsləndirilir. Bununla da kifayətlənməyən etirazçılar onu ordure (“alçaq”), salaud (“əclaf”) və connard (“idiot”, “axmaq”) kimi ağır təhqirlərlə də hədəfə alırlar. Hətta 2023-cü ildə Makronun sosial şəbəkədə ordure (“alçaq”) adlandırılması məhkəmə müstəvisinə qədər gedib çıxmışdı. Bütün bunlar göstərir ki, Makron öz ölkəsində belə sərt ictimai qəzəb və təhqirlərin hədəfinə çevrilən siyasi fiqurdur.
Lakin rəsmi Bakı bu yanaşmanı seçməyib. Bunun əsas səbəbi dövlət siyasətinin emosional məntiqlə deyil, strateji məsuliyyət, siyasi praqmatizm və beynəlxalq hüququn prinsipləri əsasında formalaşdırılmasıdır. Azərbaycan qarşı tərəfin istifadə etdiyi metodları avtomatik şəkildə təkrarlamaqdan imtina etməklə öz siyasi davranış mədəniyyətini nümayiş etdirir və ikitərəfli münasibətlərin nəzarətdən çıxan tammiqyaslı informasiya qarşıdurmasına çevrilməsinin qarşısını almağa çalışır. Bu yanaşma zəifliyin deyil, məsuliyyətli dövlət davranışının göstəricisi kimi qiymətləndirilməlidir.
Ancaq bu təmkin sonsuz və birtərəfli öhdəlik kimi qəbul edilməməlidir. Qarşılıqsız təmkin uzun müddət davam etdikdə, o, xoş niyyətin deyil, zəifliyin təzahürü kimi qəbul oluna bilər. Belə təsəvvür isə qarşı tərəfdə məsuliyyət hissi deyil, cəzasızlıq düşüncəsi formalaşdırır və daha aqressiv davranışları təşviq edir.
Bu baxımdan, Fransa qarşısında prinsipial seçim dayanır. Əgər Paris həqiqətən də demokratik dəyərlərin universallığının müdafiəçisi olduğunu iddia edirsə, həmin prinsiplər Azərbaycan üçün də, digər dövlətlər üçün də eyni ardıcıllıqla tətbiq olunmalıdır. Əks halda, “demokratiya”, “ifadə azadlığı” və “insan hüquqları” anlayışları universal dəyərlər olmaqdan çıxaraq geosiyasi maraqlara xidmət edən siyasi alətlər təsiri bağışlayır.
Beynəlxalq siyasətdə ən ciddi problem dəyərlərin pozulması deyil, onların seçici şəkildə tətbiq edilməsidir. Prinsiplərin yalnız siyasi maraqlara uyğun gəldiyi hallarda ön plana çəkilməsi, digər hallarda isə gözardı edilməsi beynəlxalq hüququn nüfuzunu zəiflədir, dövlətlər arasında etimadı sarsıdır və Qərbin illər ərzində formalaşdırmağa çalışdığı normativ üstünlük iddiasını ciddi şəkildə zədələyir.
Bu gün Fransa yalnız Azərbaycanla münasibətlərini deyil, həm də öz beynəlxalq etibarlılığını sınaq qarşısında qoyur. Dövlətlər tarix qarşısında təkcə verdikləri bəyanatlara görə deyil, həm də susaraq legitimləşdirdikləri, himayə etdikləri və qarşısını almaq imkanına malik olduqları halda göz yumduqları proseslərə görə məsuliyyət daşıyırlar.
Əgər Fransa Azərbaycan dövlətinə, onun ali rəhbərliyinə və milli maraqlarına qarşı yönəlmiş qarayaxma kampaniyalarına, siyasi manipulyasiyalara və informasiya təxribatlarına münasibətdə indiki yanaşmasını davam etdirərsə, bunun nəticələrinin yalnız diplomatik bəyanatlarla məhdudlaşacağını gözləmək doğru olmaz. Beynəlxalq münasibətlərdə hər bir addımın siyasi nəticəsi olur və həmin nəticələr gec-tez özünü göstərir.
Tarix dəfələrlə sübut edib ki, ikili standartlar üzərində qurulan siyasət qısamüddətli taktiki üstünlüklər qazandıra bilər, lakin uzunmüddətli etimad yaratmır. Etimadını itirən dövlət isə zaman keçdikcə təsir imkanlarını da zəiflədir.
Ümumiyyətlə, son illər təkcə Fransada deyil, Avropanın bir sıra ölkələrində də Azərbaycan Prezidentinin rəsmi və ya işgüzar səfərləri zamanı oxşar ssenarilər müşahidə olunur. Öz ölkəsində axtarışda olan, ayrı-ayrı dövlətlərin əlində oyuncağa çevrilən, satılmış marginal şəxslərin təşkil etdiyi etiraz aksiyaları, əvvəlcədən hazırlanmış şüarlar, media üçün hesablanmış vizual görüntülər və sosial şəbəkələrdə koordinasiyalı informasiya kampaniyaları çox vaxt “demokratik etiraz” nümunəsi kimi təqdim edilir. Halbuki analoji yanaşma həmin ölkələrin siyasi rəhbərlərinin Azərbaycana səfəri zamanı edilsəydi bunun artıq ifadə azadlığı deyil, başqa dövlətin daxili siyasi proseslərinə təsir göstərmək cəhdi olduğu iddia edilərdi.
Beynəlxalq münasibətlərdə davamlı və dayanıqlı əməkdaşlığın əsas şərti qarşılıqlı hörmət və bərabər məsuliyyətdir. Bu prinsip pozulduqda isə ikili standartlar və selektiv yanaşmalar heç bir siyasi arqumentlə əsaslandırıla bilməz. Dövlətlər başa düşməlidirlər ki, başqalarına qarşı tətbiq etdikləri metodların eyni formada özlərinə qarşı istifadə olunmasını qəbul etmirlərsə, həmin metodlardan imtina etməlidirlər. Əks halda, uzun müddət nümayiş etdirilən təmkinin diplomatik və siyasi müstəvidə daha sərt, prinsipial və adekvat cavablarla əvəzlənməsi qaçılmaz olacaq. qafqazinfo.az






