Romada Livan-İsrail görüşü: Yekun sülh olacaqmı?

Roma şəhərində ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail arasında sülh danışıqlarının altıncı raunduna start verilib. Tərəflər əsasən ortaq sərhəddə təhlükəsizlik tədbirlərinə dair əldə olunmuş razılaşmanın icrasını müzakirə ediblər. Məlumata görə, Livan nümayəndə heyətinə ölkənin ABŞ-dəki səfiri Nada Hammade-Muavvad, 2025-ci ildə Ras ən-Naqurada İsraillə aparılan danışıqların keçmiş rəhbəri Simon Karam və prezidentin hərbi məsələlər üzrə müşaviri, ekspert Ziyad Heykal daxildir. İsrail nümayəndə heyətinə isə ölkənin Vaşinqtondakı səfiri Yexiel Layter rəhbərlik edir.
Bəs bu danışıqlardan hər hansısa nəticə gözləmək mümkündürmü?
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Sfera.az-a açıqlama verib.
Onun sözlərinə əsasən, bu görüş hərbi əməliyyatları müəyyən qədər azaltsa da, gərginlik hələ də böyük ölçüdə qalmaqdadır:
“Bunun əsas səbəbi tərəflərin baxışlarında ciddi fərqlərin olmasıdır. Xüsusilə də vəziyyəti gərginləşdirən əsas amil Hizbullah faktorudur. Belə ki, Hizbullahın Livanda kifayət qədər böyük təsir imkanları var. İran tərəfindən dəstəklənən bu təşkilat İsraillə savaş vəziyyətindədir və İsrail də Hizbullahın fəaliyyətini əsas gətirərək Livan üzərindəki planlarını həyata keçirməyə çalışır. Bu baxımdan, sözügedən danışıqlar gərginliyin azaldılması istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilməlidir. Bununla yanaşı, düşünmürəm ki, hazırkı mərhələdə İsrail və Livan arasında həlledici bir mərhələnin başlanğıcı hesab olunsun və ya burada yekun qərarlar qəbul edilsin. Bu, davam edən danışıqlar prosesidir və Romadakı görüş də həmin prosesin növbəti mərhələlərindən biridir”.

Ekspert bu görüşü gərginliyin azaldılması istiqamətində atılan müsbət addımlardan biri kimi qiymətləndirib:
“Nəzərə almaq lazımdır ki, Amerika Birləşmiş Ştatları da hazırkı şəraitdə Livan istiqamətində sabitliyin qorunmasında maraqlıdır və İsrail hökumətini vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkindirməyə çalışır. Eyni zamanda nəzərə alsaq ki, Hizbullah amili bu proseslərə ciddi təsir göstərir, həmin amilin zəiflədilməsi və ya tamamilə aradan qaldırılması həm İsrailin, həm də Amerikanın maraqlarına uyğundur. Bu baxımdan vəziyyət kifayət qədər mürəkkəbdir. Livan hökumətinin Hizbullah üzərində təsir imkanlarının məhdud olduğunu da nəzərə alsaq, proseslərin çətinliklə irəliləyəcəyini ehtimal etmək çətin deyil”.
Bəsti Rəfizadə

