İngiltərə “Qızıl viza”nı yenidən tətbiq edəcək

İngiltərə “Qızıl viza”nı yenidən tətbiq edəcək
Kateqoriya məlum deyil
T

İngiltərədə İşçi Partiyası hökuməti dörd il əvvəl ləğv edilən “Qızıl viza” proqramını zəngin investorlar üçün yenidən tətbiq etməyi müzakirə edir.

Sfera.az xəbər verir ki, yeni plana əsasən, Britaniya şirkətlərinə 5 milyon funt sterlinq sərmayə yatıran xarici vətəndaşlara 3 ildən sonra yaşayış icazəsi, 5 ilin sonunda isə vətəndaşlıq yolu açıla bilər. Məlumata görə, Kabinet Ofisinin təşkilatçılığı ilə bu ay keçirilən qapalı iclasda Qlobal İstedad İşçi Qrupu ölkəyə iqtisadi fayda və məşğulluq gətirəcək şəxslər üçün yeni viza modelinin hazırlanmasına qərar verib. Lakin təşəbbüs hökumət daxilində də mübahisələrə səbəb olub.

Bəzi siyasətçilər belə bir sistemin Rusiya kimi ölkələrdən gələn riskli şəxslərin ölkəyə daxil olmasına şərait yarada biləcəyini bildiriblər. Maliyyə Nazirliyi isə əldə ediləcək gəlirin gözlənilən səviyyədə olmaya biləcəyini vurğulayıb. Qeyd edək ki, keçmiş daxili işlər naziri Priti Patel Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra 2022-ci ildə “1-ci dərəcəli investor vizası” proqramını dayandırıb. 2008-ci ildən etibarən bu proqram çərçivəsində Rusiya vətəndaşlarına 2581 investor vizası verilib. Hüquq mütəxəssisləri isə hazırkı viza sistemlərinin yüksək sərvət sahiblərinin ehtiyaclarını tam qarşılamadığını bildiriblər. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə aparan təşkilatlar plana sərt reaksiya verib.

“Spotlight on Corruption” qurumunun nümayəndəsi Susan Hawley bildirib ki, belə bir addım Britaniyanın çirkli pullarla mübarizədə beynəlxalq nüfuzuna ciddi zərbə vura bilər. Ekspertlər həmçinin qeyd ediblər ki, Avropa İttifaqı oxşar investor vizası proqramlarını ləğv etmələri üçün üzv ölkələrə təzyiq göstərir, Avstraliya isə bu modeldən artıq imtina edib.

Oxford Universiteti Miqrasiya Müşahidə Mərkəzinin rəhbəri Madeleine Sumption isə investor vizalarının çox vaxt gözlənilən iqtisadi faydanı vermədiyini, əsasən ailələri Britaniyanın imkanlarından yararlanan, öz gəlirlərini isə başqa ölkələrdən əldə edən varlı şəxsləri cəlb etdiyini deyib.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ