Dünya silkələnir: 24 saatda dörd böyük zəlzələ

Son 24 saat ərzində dünyanın müxtəlif bölgələrində bir neçə güclü zəlzələ baş verib. Venesuela, Yaponiya və ABŞ-da qeydə alınan yeraltı təkanlar ciddi narahatlıq yaradıb. Ən güclü zəlzələlərin 7,5 bal gücünə qədər çatdığı bildirilir.
Sfera.az xəbər verir ki, Venesuelada 39 saniyə ara ilə iki güclü zəlzələ qeydə alınıb. ABŞ Geoloji xidmətinin (USGS) məlumatına görə, ölkənin Yaracuy əyalətində Yumaredən 23 kilometr cənub-şərqdə 7,5 bal gücündə ilk zəlzələ baş verib. Bundan cəmi 39 saniyə sonra San Felipedən 24 kilometr şimal-şərqdə 7,2 bal gücündə ikinci təkan qeydə alınıb. Zəlzələlərin nisbətən dayaz dərinlikdə 10 kilometr və 21,9 kilometr səviyyəsində baş verməsi dağıntı riskini daha da artırıb.
Rəsmi açıqlamalara görə, Venesuelada baş verən güclü zəlzələlər nəticəsində 32 nəfər həyatını itirib, 700-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bölgədə dağıntıların aradan qaldırılması və axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir.
Yaponiyada isə 6,9 bal gücündə zəlzələ ölkənin şimal-şərqində yerləşən İvate prefekturası sahillərində baş verib. Kuji şəhəri yaxınlığında qeydə alınan təkanların 51,7 kilometr dərinlikdə olduğu bildirilir. Hadisədən sonra sunami təhlükəsi elan edilməsə də ən azı 6 nəfərin yaralandığı və bəzi bölgələrdə panika yaşandığı açıqlanıb.
ABŞ-ın Kaliforniya ştatında da 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Redvud Vadisi bölgəsindən 11 kilometr şimalda baş verən zəlzələ 8,8 kilometr dərinlikdə meydana gəlib. İlkin məlumatlara əsasən, burada ciddi insan itkisi və ya böyük dağıntı qeydə alınmayıb.
Mütəxəssislər Venesuelada ardıcıl baş verən güclü zəlzələlərdən sonra afterşok riskinin hələ də yüksək olduğunu bildirirlər. Rəsmilər isə əhaliyə ehtiyatlı olmağı rəsmi xəbərdarlıqlara əməl etməyi və təhlükəsiz ərazilərdə qalmağı tövsiyə edir.
Mənsumə
