Çin ABŞ–İran danışıqlarına dəstəyini açıqladı

Çin Xalq Respublikası ABŞ və İran arasında davam edən diplomatik təmasları dəstəklədiyini bəyan edib. Pekin administrasiyası tərəflər arasında aparılan danışıqlarda formalaşan müsbət atmosferin qorunmasının və bu prosesin konkret nəticələrlə davam etdirilməsinin vacibliyini xüsusi olaraq vurğulayıb.
Sfera.az xəbər verir ki, Çin Xarici İşlər nazirliyinin sözçüsü Quo Jiakun məsələ ilə bağlı keçirdiyi mətbuat konfransında Pekinin ABŞ–İran dialoqunun inkişafına töhfə verən bütün vasitəçilik təşəbbüslərini müsbət qarşıladığını və bu səyləri dəstəklədiyini bildirib.
O, xüsusilə Pakistan və Qətər tərəfindən göstərilən diplomatik təşəbbüslərin danışıqlar prosesinin irəliləməsində mühüm rol oynadığını qeyd edib və bu kimi addımların gərginliyin azaldılmasına xidmət etdiyini diqqətə çatdırıb.
Sözçü bildirib ki, Çin tərəfi ABŞ və İran arasında dialoqun davamlı olmasını və diplomatik kanalların açıq saxlanılmasını vacib hesab edir.
Onun sözlərinə görə, tərəflər arasında əlaqələrin qorunması mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına, etimad mühitinin formalaşmasına və regional sabitliyin güclənməsinə şərait yarada bilər.
Quo Jiakun həmçinin indiyədək əldə olunan irəliləyişin itirilməməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsi yalnız regional deyil, həm də qlobal təhlükəsizlik və sabitlik baxımından əhəmiyyət daşıyır.
Çin rəsmisi əlavə edib ki, əgər tərəflər dialoqu nəticəyönümlü şəkildə davam etdirə bilsələr, bu, beynəlxalq diplomatik səylərə də müsbət təsir göstərəcək və daha geniş əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradacaq.
Mənsumə
