Antarktidada gözlənilməz seysmik aktivlik: 510 zəlzələ aşkarlandı

Antarktidada gözlənilməz seysmik aktivlik: 510 zəlzələ aşkarlandı
Kateqoriya məlum deyil
T

ABŞ və İspaniyadan olan tədqiqatçılar süni intellekt əsaslı dərin öyrənmə alqoritmlərindən istifadə edərək Şərqi Antarktidada, Devid buzlağının altında 100-150 km dərinlikdə 510 zəlzələ aşkarlayıblar. Normalda tektonik plitə sərhədlərindən uzaq olan bu ərazidə seysmik aktivlik gözlənilməz hesab olunur.

Araşdırmanın nəticələri "Science" jurnalında dərc edilib.

Məlumatlar 49 seysmik stansiya vasitəsilə toplanıb. AI alqoritmi seysmik dalğaları analiz edərək zəlzələlərin yerini daha dəqiq müəyyənləşdirib. Qeydə alınan təkanların maqnitudası 1,6-3,5 aralığında olub.

Alimlərin fikrincə, orta dərinlikdə baş verən plitədaxili zəlzələlərin izahı çətindir, çünki yuxarı mantiyada yüksək temperatur və təzyiq adətən süxurların kövrək şəkildə qırılmasına imkan vermir.

Bunun mümkün izahı Şərqi və Qərbi Antarktida arasındakı geoloji fərqlərlə bağlıdır. Şərqdə qalın və soyuq, qərbdə isə daha nazik və isti plitə strukturu gərginlik yaradır. Bu gərginlik, isti mantiyanın təsiri və qalın buz örtüyünün təzyiqi ilə birlikdə dərin çatların yaranmasına səbəb ola bilər.

Lakin bir sual hələ də açıq qalır: niyə bu 510 zəlzələ yalnız Devid buzlağının altında toplanıb? Eyni şəraitin Transantarktika dağlarının digər hissələrində də mövcud olmasına baxmayaraq, tədqiqatçılar əlavə yerli geoloji amillərin də rol oynaya biləcəyini düşünürlər.

PAYLAŞ