İlon Maskın süni intellekti müharibədə iştirak edib - İDDİA

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksəkvəzifəli rəsmisinin açıqlaması dünya mediasında geniş rezonans doğurub.
İddialara görə, milyarder İlon Maskın yaratdığı “xAI” şirkətinin “Grok” süni intellekt modeli ABŞ-nin milli təhlükəsizlik fəaliyyətlərində və İrana qarşı hərbi əməliyyatların planlaşdırılmasında istifadə olunub.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pentaqonun Rəqəmsal və Süni İntellekt Ofisinin direktoru Kameron Stenli məhkəməyə təqdim etdiyi andlı bəyanatda məlumat verib.
“The Independent” qəzetinin yaydığı xəbərə əsasən, Stenli ABŞ-nin Missisipi Şimal Bölgəsi Məhkəməsində təqdim etdiyi sənəddə “Grok” sisteminin İranla bağlı hərbi əməliyyatlarda tətbiq edildiyini bildirib.
Pentaqon rəsmisinin sözlərinə görə, ABŞ ordusu dövlət strukturları üçün xüsusi hazırlanmış “Grok Gov” modelindən istifadə edir. Bildirilib ki, bu sistem hökumətin xüsusi ehtiyaclarına uyğunlaşdırılıb və məlumatların analizi, kəşfiyyat prosesləri və strateji qərarların hazırlanmasında tətbiq olunur.
Məlumata görə, “Grok Gov” sistemi Pentaqon və texnologiya şirkəti “Palantir Technologies” tərəfindən hazırlanmış “Project Maven” platformasına inteqrasiya edilib. Süni intellekt əsaslı bu sistem döyüş meydanından daxil olan məlumatların təhlili, mümkün hədəflərin müəyyənləşdirilməsi və hərbi planlaşdırmada istifadə olunub.
Kameron Stenlinin açıqlamasında daha bir diqqətçəkən məqam yer alıb. Onun sözlərinə görə, ABŞ ordusunun keçirdiyi “Operation Epic Fury” əməliyyatı zamanı “Maven” platforması və süni intellekt imkanları sayəsində qısa müddət ərzində minlərlə hədəf müəyyən edilib.İddiaya əsasən, 96 saat ərzində 2 minə yaxın nöqtə təhlil olunaraq həmin istiqamətlərə çoxsaylı zərbələr endirilib.
Süni intellekt müharibələrin yeni silahına çevrilir?
Son illərdə süni intellekt texnologiyalarının hərbi sahədə istifadəsi qlobal rəqabətin əsas mövzularından birinə çevrilib. Daha əvvəl yayılan məlumatlarda Pentaqonun İranla bağlı kəşfiyyat və planlaşdırma proseslərində Anthropic şirkətinin “Claude” modeli kimi digər süni intellekt sistemlərindən də yararlandığı iddia edilib.
Ekspertlərin fikrincə, belə sistemlər gələcəkdə təkcə Yaxın Şərqdə deyil, qlobal hərbi və geosiyasi proseslərdə də mühüm rol oynaya bilər.
Qeyd olunub ki, “Maven” kimi platformalar potensial hədəflərin analizindən tutmuş xüsusi əməliyyatların planlaşdırılmasına qədər geniş sahələrdə istifadə imkanlarına malikdir.
Bəsti Rəfizadə
Sfera.az
