Niderland Rusiya ilə müharibəyə hazırlaşı? - Düşərgə yaradılır

Niderland Rusiya ilə müharibəyə hazırlaşı? - Düşərgə yaradılır
Kateqoriya məlum deyil325 👁️
T

Niderland ordusu son 30 ildən artıq müddətdə ilk dəfə olaraq hərbi əsirlərin saxlanılması üçün xüsusi düşərgənin yaradılması üzrə genişmiqyaslı təlimlər keçirir.

Yerli medianın məlumatına görə, ölkənin Qroningen əyalətində yerləşən Marnehuizen poliqonunda sınaqdan keçirilən layihə müharibə şəraitində eyni vaxtda 2000-ə qədər hərbçini qəbul edə biləcək.

Sfera.az xəbər verir ki, “AD” nəşrinin yazdığına görə, bu hazırlıqlar Avropada artan təhlükəsizlik riskləri və xüsusilə Rusiya ilə mümkün qarşıdurma ssenariləri fonunda həyata keçirilir. Təlimlərin əsas məqsədi böyük sayda hərbi əsirin qısa müddətdə yerləşdirilməsi və idarə olunması imkanlarını yoxlamaqdır. Məlumata əsasən, düşərgə cəmi bir həftə ərzində qurula biləcək. Bunun üçün yalnız hərbçilər deyil, iri musiqi festivalları və kütləvi tədbirlər üçün müvəqqəti infrastruktur quran mülki podratçılar da cəlb olunacaq. Yeni düşərgənin ənənəvi hərbi əsir düşərgələrindən fərqlənəcəyi bildirilir. Burada çoxsaylı müşahidə qüllələri və güclü projektorlar əvəzinə müasir nəzarət sistemlərindən istifadə olunacaq.

Ərazi videomüşahidə kameraları, səs və görüntüyə reaksiya verən ağıllı izləmə texnologiyaları ilə təchiz ediləcək. Bundan əlavə, pilotsuz uçuş aparatları ərazinin üzərində patrul uçuşları həyata keçirərək görüntüləri real vaxt rejimində komandanlıq məntəqəsinə ötürəcək. Əsirlərin ikimərtəbəli çarpayılarla təchiz edilmiş kiçik ağ rəngli kazarmalarda yerləşdirilməsi planlaşdırılır. Zabitlər və sıravi əsgərlər eyni binalarda qalacaq, otaqlarda isə maksimum 20 nəfərin yerləşdirilməsi nəzərdə tutulur. Düşərgədə gəzinti zonaları, ümumi sanitar qovşaqları, yeməkxana və tibb məntəqəsi fəaliyyət göstərəcək.

Qaydalara əsasən, əsirlərin mobil telefonları və digər şəxsi elektron cihazları müsadirə olunacaq. Bununla belə, onların ailələri ilə məktub vasitəsilə əlaqə saxlamasına icazə veriləcək.

Niderland Quru Qoşunlarının Operativ Dəstək Komandanlığının rəhbəri general Nikol de Volf bildirib ki, saxlanma şəraiti beynəlxalq humanitar hüququn tələblərinə uyğun olacaq:

“Onlar bizim öz hərbçilərimizdən daha pis şəraitdə yaşamayacaqlar”.

Generalın sözlərinə görə, Niderland ordusu son onilliklər ərzində böyük sayda hərbi əsirin saxlanılması təcrübəsini demək olar ki, itirib. O qeyd edib ki, Əfqanıstandakı əməliyyatlar zamanı niderlandlı hərbçilər cəmi bir neçə nəfəri əsir götürmüş və onların yerləşdirilməsi ciddi problem yaratmamışdı. Yeni konsepsiyaya əsasən, əsir götürülən hərbçilər döyüş bölgəsindən yüzlərlə kilometr uzaqdakı arxa cəbhəyə daşınacaq.

Burada onlar qeydiyyata alınacaq, dindiriləcək və gələcəkdə mümkün əsir mübadiləsinədək saxlanılacaqlar. Niderland hərbçiləri vurğulayırlar ki, əsirlərə humanist münasibət yalnız beynəlxalq hüququn tələbi deyil, həm də qarşılıqlı yanaşma prinsipinə əsaslanır. Rəsmi Amsterdam hesab edir ki, Niderland hərbçiləri əsir düşəcəyi təqdirdə onların da eyni şəkildə insan hüquqlarına uyğun rəftar görməsi vacibdir. Avropada təhlükəsizlik narahatlıqlarının artdığı bir dövrdə Niderlandın bu addımı NATO ölkələrinin mümkün böhran ssenarilərinə hazırlıq səviyyəsini yüksəltmək istiqamətində atdığı növbəti addım kimi qiymətləndirilir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ