Kaja Kallasın fəaliyyəti Aİ ölkələrinin gündəmində olacaq

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın fəaliyyəti Aİ-yə üzv ölkələrin Xarici İşlər nazirlikləri nümayəndələrinin görüşündə müzakirə mövzularından biri olacaq.
Sfera.az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Aİ-nin Xarici Fəaliyyət Xidməti (EEAS) ətrafında narazılıqlar qurumun 15 il əvvəl yaradılmasından bəri mövcuddur. Lakin rəsmilər son illərdə bu çatışmazlıqların daha qabarıq şəkildə üzə çıxdığını bildirirlər.
Qeyd olunur ki, xüsusilə Ukrayna və Yaxın Şərqdəki münaqişələr, ABŞ Prezidenti Donald Trampın sərt bəyanatları, həmçinin Aİ ilə Çin arasında iqtisadi məsələlər üzrə gərginliyin artması fonunda xidmətin fəaliyyətindəki problemlər daha aydın görünməyə başlayıb.
Yüksək vəzifəli avropalı diplomat bildirib ki, EEAS və onun rəhbəri postu tamam fərqli geosiyasi şəraitdə yaradılıb.
“Xidmət daha yaxşı işləyə bilərmi? Yəqin ki, bəli. Ali nümayəndə və onun komandası fərqli fəaliyyət göstərə bilərdimi? Yəqin ki, bəli. Avropa Komissiyası daha yaxşı işləyə bilərdimi? Böyük ehtimalla, bəli”, – deyə diplomat vurğulayıb.
Digər diplomatlar isə EEAS-ın mümkün islahatının Lüksemburqda keçiriləcək görüşün rəsmi gündəliyində olmadığını qeyd ediblər. Bununla belə, onlar Kallasın rolu və xidmətin fəaliyyəti ilə bağlı məsələlərin qeyri-rəsmi müzakirələr zamanı mütləq gündəmə gələcəyini bildiriblər.
Xatırladaq ki, iyunun 11-də Aİ ölkələrinin Kallasın rəhbərlik etdiyi EEAS-ın fəaliyyətinin səmərəsizliyi səbəbindən diplomatik xidmətin köklü şəkildə yenidən qurulması imkanını nəzərdən keçirdikləri barədə məlumat yayılmışdı.
İnci
Sfera.az
