Ərdoğan QƏRAR VERDİ - Sərhədlər dəyişdirildi

Türkiyə Rəsmi Qəzetində dərc olunan Prezident Fərmanına əsasən, Bitlis və Muş vilayətləri arasındakı inzibati sərhəd xətti yenidən müəyyən olunub.
Sfera.az xəbər verir ki, yeni qərara görə, iki vilayət arasındakı sərhəd xətti Qarasu çayı, Kilsə təpəsi və Gevot təpəsi silsilələri boyunca yenidən formalaşdırılıb.
Fərmanda həmçinin qeyd olunub ki, yeni tənzimləmə ilə sərhədlərin dəyişməsinə baxmayaraq, vətəndaşların bütün hüquqları tam qorunacaq.
Muş və Bitlis arasındakı inzibati sərhəd xəttinin rəsmi olaraq dəyişdirilməsini nəzərdə tutan bu addım 5442 saylı Vilayət İdarəçiliyi Qanununun 2-ci maddəsinə uyğun olaraq qüvvəyə minib.
Qərarın yerlərdə icrasına və tətbiqinə isə Türkiyə Daxili İşlər Nazirliyi cavabdeh olacaq.
Dərc edilən qərarda iki şəhərin inzibati sərhədlərini bir-birindən ayıran yeni koordinatlar və təbii coğrafi hüdudlar dəqiq şəkildə xəritələşdirilib. Yeni xətt Bitlisin Güroymak rayonunun Günkırı bələdiyyəsi ilə Muşun Hasköy rayonunun Büvetli kəndi arasındakı ərazini əhatə edir.
Şimalda Qarasu çayından başlayan sərhəd xətti ardıcıllıqla Avzut burnu, Kilsə təpəsi, Kiçikhopikan təpəsi və Gevot təpəsi silsilələrini izləyərək irəliləyir. Yeni inzibati xətt Püşürük təpəsi koordinatlarında başa çatır.
Qərarda inzibati sərhədlərin dəyişdirilməsinin bölgə əhalisi üçün hər hansı bir çətinlik yaratmaması üçün xüsusi bənd yer alıb. Vurğulanıb ki, sərhəd dəyişikliyi səbəbindən tərəflərin (vətəndaşların və ya hüquqi şəxslərin) qarşı vilayətin ərazisində qalan bütün ümumi və xüsusi hüquqları toxunulmaz saxlanılır. Bu dəyişiklik mövcud çıxarış (mülkiyyət sənədləri), torpaq mülkiyyəti və ya istifadə hüquqlarına heç bir təsir göstərməyəcək./musavat
