"Rusiya bunları Donbas üçün edir" - Ukraynaya hücumların pərdəarxası

"Rusiya bunları Donbas üçün edir" - Ukraynaya hücumların pərdəarxası
Kateqoriya məlum deyil
T

Rusiya Ukraynaya qarşı hava hücumlarının intensivliyini son iki gündə daha da artırıb. Moskva ardıcıl şəkildə yüzlərlə pilotsuz uçuş aparatı və raketdən istifadə etməklə Ukraynanın müxtəlif şəhərlərini hədəfə alır. Son hücumlar nəticəsində onlarla insanın həlak olduğu, yüzlərlə yaralının olduğu və enerji infrastrukturu ilə yaşayış məntəqələrinə ciddi ziyan dəydiyi bildirilir. Ukrayna rəhbərliyi Rusiyanın hücumlarının miqyasının genişləndiyini və ölkəyə qarşı yeni hərbi təzyiq mərhələsinin başladığını bəyan edir. Belə bir şəraitdə Rusiyanın hücumları niyə məhz indi daha da intensivləşdirməsi və bunun cəbhədəki vəziyyətə necə təsir göstərə biləcəyi yenidən müzakirə mövzusuna çevrilib.


Maraqlıdır, bu hücumların artmasının səbəbi nədir? 


Məsələ ilə bağlı siyasi şırhçi Şakir Ağayev Sfera.az-a açıqlama verib.

 

O, hücumların intensivləşməsinin səbəblərini açqlayıb:


“Səbəb odur ki, Rusiya tərəfi Ukraynanı məcbur etmək istəyir ki, Donbas ərazisində Rusiyanın hələ də ələ keçirə bilmədiyi ərazilərdən Ukrayna qoşunları çıxarılsın və Rusiya-Ukrayna danışıq prosesi başlasın. Dünən Rusiya prezidentinin mətbuat katibi Peskov dedi ki, əgər Zelenski Donbasda qalan ərazilərdən Ukrayna qoşunlarının çıxarılması barədə əmr versə, müharibəni bir günə də bitirmək olar. Sözsüz ki, Zelenski bu riskə getməz, yəni bunu etməz. Ona görə də eskalasiyanı gücləndirməklə və Rusiyaya qarşı cavab zərbələri endirməklə Rusiyanın da bu mövqeyindən geri çəkilməsinə nail olmaq istəyir. Amma qəti aydındır ki, Rusiya rəsmiləri dəfələrlə bildiriblər ki, danışıqlar aparılıb və Amerika Birləşmiş Ştatları da Donbas ərazisindən Ukrayna qoşunlarının çıxmalı olduğu fikri ilə razılaşıb. Müharibədə eskalasiyanın güclənməsinin ən böyük səbəbi isə tərəflərin bir-birini öz maraqlarına uyğun şərtlərlə razılaşmağa məcbur etmək istəməsidir”.

 


Ekspert bildirib ki, əgər hər hansı bir danışıq prosesi davam etməsə, eskalasiya daha da güclənəcək:


“Çünki Amerika Birləşmiş Ştatlarının diqqəti hazırda İranla danışıqlara yönəlib. Dünən də Rubio Konqresdə çıxışı zamanı bunu vurğulayıb. Bu gün də Amerika rəsmilərinin açıqlamalarına görə, Amerika-İran danışıqları nəticələnənə və hər hansı razılaşma əldə olunana qədər ABŞ Ukraynadakı proseslərə əsas diqqət ayırmayacaq. Amerikanın bütün diqqəti Amerika-İran danışıqlarına yönəlib. Belə bir vaxtda isə təbii ki, tərəflər çalışırlar ki, bir-birini özlərinə sərf edən şərtlərlə danışıqlara məcbur etsinlər”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ