2026-cı ilin ilk yarısında hakimiyyət böhranı yaşayan ÖLKƏLƏR

2026-cı ilin ilk yarısında hakimiyyət böhranı yaşayan ÖLKƏLƏR
Kateqoriya məlum deyil
T

2026-cı ilin ilk yarısı qlobal miqyasda ciddi siyasi təlatümlər və gözlənilməz hökumət istefaları ilə yadda qalıb. 

 

Həm daxili iğtişaşlar, həm də regional təhlükəsizlik böhranları bir neçə ölkədə hakimiyyət kabinetlərinin tam tərkibdə yola salınması ilə nəticələnib.

 

Sfera.az dünya siyasətinin axarını dəyişən həmin ölkələrin siyahısını və istefa pərdəarxasın təqdim edir:

 

İlin məhz ilk günlərindən (15 yanvar) etibarən Yəməndə böhran pik həddə çatıb. Ölkədə daxili hərbi qarşıdurmaların və Cənub Keçid Şurasının müstəqillik bəyanatlarının yaratdığı gərginlik fonunda Salem Saleh bin Breykin başçılıq etdiyi mövcud hökumət tam tərkibdə istefa verib. Prezident İdarəetmə Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi ölkəni xaosdan çıxarmaq üçün xarici işlər naziri Şaya Möhsün əl-Zindanini təcili olaraq yeni baş nazir təyin edərək ona yeni kabinet qurmaq tapşırığı verib.

 

Yanvar ayında Avropada ən böyük siyasi partlayış Bolqarıstanda yaşanıb. Hökumətin 2026-cı il üçün təklif etdiyi, vergilərin və pensiya haqlarının artırılmasını nəzərdə tutan yeni büdcə layihəsi xalqı küçələrə töküb. Paytaxt Sofiyada və digər böyük şəhərlərdə genişmiqyaslı, korrupsiya əleyhinə aksiyalara çevrilən bu "büdcə üsyanı"na polis müdaxiləsi və Prezident Rumen Radevin də kəskin təzyiqi əlavə olunub. Nəticədə, etiraz dalğasına tab gətirə bilməyən Bolqarıstan hökuməti rəsmən istefa verməli oldu və ölkə erkən seçki reylsinə girib.

 

May ayında isə Baltikyanı region ciddi siyasi silkələnmə ilə üzləşib. Latviyada baş nazir Evika Silinanın rəhbərlik etdiyi hökumət tam tərkibdə istefa məktubunu prezidentə təqdim edib. Böhranın rəsmi səbəbi isə mayın 7-də Rusiya ilə sərhəddə yerləşən neft anbarına Ukraynaya məxsus iki PUA-nın düşməsi olub. Latviya ordusunun hava məkanını qoruya bilməməsi daxili müxalifətin və koalisiya tərəfdaşlarının kəskin etirazına səbəb olub. Müdafiə nazirinin vurulması və koalisiyanın dağılması ilə Evika Silina hökuməti rəsmən tarixə qovuşub.

 

May ayının son günlərində isə Afrika qitəsindən növbəti istefa xəbəri gəlib. Seneqal Prezidenti Bassirou Diomaye Faye ilə onun ən yaxın müttəfiqi sayılan baş nazir Ousmane Sonko arasında aylardır davam edən gizli gərginlik partlayışla nəticələnib. Prezident Faye baş nazir Sonkonu vəzifəsindən kənarlaşdıraraq hökuməti buraxıb. Bu hadisədən dərhal sonra parlamentin spikeri də istefa verərək ölkədəki dərin siyasi böhranı rəsmiləşdirib.

 

Ekspertlərin fikrincə, 2026-cı ildə dünya xəritəsində hökumət dəyişikliklərinin coğrafiyası hələ daha da genişlənə bilər.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ