İran Çindən dəstək istəyir - Pekin görüşünün pərdəarxası

Çin və İranın xarici işlər nazirləri Pekində danışıqlara başlayıb. Məlumata görə, Çin XİN rəhbəri Van İ və İranın xarici işlər naziri Abbas Əraqçi Pekində görüş keçirir.
Tərəflər arasında Pekində keçirilən görüşdə hansı əsas məsələlərin müzakirə olunacağı gözlənilir? Görüşün nəticələri müharibənin gedişinə hansı istiqamətdə təsir göstərə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramovun sözlərinə görə, indiki geosiyasi kontekstdə Abbas Əraqçinin Pekinə səfəri təbii olaraq geniş strateji çərçivənin tərkib hissəsi kimi qiymətləndirilə bilər:
“Yəni, başqa sözlə Çin və İran xarici işlər nazirləri arasında keçirilən görüş sadəcə ikitərəfli münasibətlərlə məhdudlaşmır, eyni zamanda ABŞ-İran gərginliyinin idarə olunması və mümkün yeni eskalasiya risklərinin balanslaşdırılması ilə birbaşa bağlıdır. Bu mərhələdə Pekinin əsas marağı regionda sabitliyin qorunması və enerji marşrutlarının təhlükəsizliyidir, çünki Hörmüz boğazı vasitəsilə keçən enerji axını Çin iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır.
Bu görüş əslində həm də ABŞ və Çin liderlərinin görüşünə hazırlıq kimi də xarakterizə oluna bilər. Çünki Çin İranla əməkdaşlığı təkcə iqtisadi deyil, həm də siyasi təsir aləti kimi istifadə edir və bu, Pekinə Vaşinqtonla danışıqlarda əlavə imkanlar verir. Məsələ burasındadır ki, ABŞ lideri də Çinə əliboş getmir”.

Politoloq tətbiq olunan dəniz blokadasının təkcə İran üçün ağır nəticələr doğurmadığını, eyni zamanda Çin üçün də problemlər yaratdığını qeyd edib:
“Yəni, 40 günlük müharibə dövründə İran Hörmüz boğazını bağlayıb necə Körfəz ölkələrinin, eləcə də dünya bazarında neft qiymətlərinin artmasından əziyyət çəkən Aİ ölkələrinin ABŞ-yə təzyiqinə nail olmaq istəyirdisə, indi də ABŞ dəniz blokadası ilə Çinin İrana təzyiqinə nail olmaq istəyir. Odur ki, Donald Trampın Çinə gözlənilən səfəri ərəfəsində indi Abbas Əraqçinin Çinə səfərində ehtimal ki, həm də Pekinin vasitəçilik kanallarını aktivləşdirilməsi imkanları müzakirə olunacaq. Xarici İşlər nazirləri arasında danışıqlarda iqtisadi sanksiyalar və onların təsiri məsələsinin də gündəmdə olması gözləniləndir. İran uzun müddətdir ABŞ sanksiyaları altında fəaliyyət göstərir və Çin bu vəziyyətdə İran üçün əsas iqtisadi nəfəs xətti rolunu oynayır. Bank əməliyyatlarının alternativ mexanizmləri və ödəniş sistemlərinin davamlılığı görüşün texniki mövzularından biri ola bilər”.
Fidan Hacızadə
Sfera.az
