Tramp həyat yoldaşına dul deyən aparıcıya: "İşdən çıxarılsın!"

ABŞ Prezidenti Donald Tramp tanınmış televiziya aparıcısı Cimmi Kimmelin həyat yoldaşı Melaniya Tramp barədə səsləndirdiyi ifadələrə sərt reaksiya verib.
Sfera.az xəbər verir ki, Donald Tramp sosial media hesabında paylaşdığı videoda “ABC” kanalında yayımlanan proqramları ilə tanınan Cimmi Kimmeli hədəfə alıb. O bildirib ki, aparıcının Melaniya Tramp haqqında “dul qadın” ifadəsini işlətməsi qəbuledilməzdir və buna görə dərhal işdən çıxarılmalıdır.
Tramp paylaşımında qeyd edib ki, zəif reytinqləri ilə seçilən Kimmel öz verilişində “şokedici” açıqlama verib: “Budur bizim birinci xanımımız Melaniya. Ona baxın, nə qədər gözəldir. Xanım Tramp dul qadın kimi parıldayırsınız”.
ABŞ prezidenti Kimmelin bu çıxışını Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən hadisələrlə əlaqələndirib və belə ifadələrin siyasi zorakılığı təşviq etdiyini iddia edib. Tramp əlavə edib ki, “Disney və “ABC” Cimmi Kimmeli dərhal işdən çıxarmalıdır”.
Məsələ ilə bağlı Melaniya Tramp da yazılı açıqlama yayıb. O, Kimmelin sözlərini “qəbuledilməz” adlandıraraq bildirib ki, bu cür ifadələr nə komediyadır, nə də məqbul zarafat: “Onun ailəm haqqında monoloqları komediya deyil. Bu sözlər Amerikada siyasi xəstəliyi daha da dərinləşdirir”.
Ağ Evin sözçüsü Karolin Levitt də məsələ ilə bağlı keçirilən brifinqdə Kimmeli tənqid edib və bu cür çıxışların siyasi zorakılıq baxımından təhlükəli olduğunu vurğulayıb.
Qeyd edək ki, Cimmi Kimmel ötən həftə “ABC” kanalında yayımlanan “Cimmi Kimmel Live!” proqramında Melaniya Tramp barədə “yumoristik” şərhlər səsləndirib. Trampın iştirak etdiyi şam yeməyində baş verən insidentdən sonra isə bu ifadələr geniş müzakirələrə səbəb olub.
Mənsumə
Sfera.az
