Moskvaya BÖYÜK ZƏRBƏ: ABŞ kəşfiyyatı danışıqları ƏLƏ KEÇİRDİ
Amerika kəşfiyyatı Suriya hərbçiləri və kimya ekspertlərinin İdlibdə zarin qazının tətbiqi ilə kimyəvi silah hücumuna hazırlığını göstərən danışıqlarını yaxalayıb.
Bu haqda CNN telekanalına ABŞ hökumətindəki mənbə bildirib.
Bu məlumat kimyəvi hücumdan bir neçə saat sonra toplanmış kəşfiyyat informasiyalarının icmalı zamanı aşkar edilib. Telekanalın mənbəyi qeyd edib ki, Rusiya hərbçiləri və ya kəşfiyyatçıların bu hücum haqqında məlumatlı olduğuna dair heç bir informasiya əldə edilməyib.
"Ehtimal ki, ruslar informasiyaların ələ keçirilməsindən qaçmaq üçün daha ehtiyatlıdır”, - KİV-in həmsöhbəti deyib.
O əlavə edib ki, Rusiyanın İdlibdə kimyəvi hücumda iştirakı barədə son nəticə əldə olunsa belə, Pentaqon və ya Ağ Evin bu informasiyanı elan edib-etməyəcəyi anlaşılmazdır.
"Bunun üçün güclü sübut olmalıdır. Onu isə əldə etmək çətindir. Amma artıq ABŞ hiss edir ki, Rusiya Əsədə dəstəyini tezliklə dayandırmağa məcburdur”, - mənbə yekunlaşdırıb.
Xatırladaq ki, aprelin 4-də Suriyanın İdlib vilayətində kimyəvi silahın tətbiqi nəticəsində 100-dən çox insan həlak olub, daha 400-ü zərər çəkib. BMT-nin Uşaq Fondunun (UNİCEF) məlumatına görə, hücum nəticəsində 27 uşaq ölüb.
ABŞ, Avropa ölkələri, Türkiyə və bir sıra ərəb ölkələri kimyəvi hücuma görə Bəşər Əsəd rejimini ittiham edir. Rəsmi Dəməşq isə ittihamları qəbul etmir. Suriyanın əsas himayəçisi olan Rusiya da ittihamlarla razılaşmır və hadisənin araşdırlmasını istəyir./publika.az