Hörmüz boğazı qlobal iqtisadiyyatı boğur - AÇIQLAMA

“ABŞ-nin İrana hücumu nəticəsində İranın assimmetrik savaş aparacağı bəlli idi. İran hazırki addımları ilə Vaşinqtona qarşı həm qlobal təzyiqlər formalaşdırmaq, həm də daxili təzyiqləri gücləndirmək üçün effektiv addımlar atıb”.
Bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açıqlamasında bildirib.
Onun fikrincə, bu addımların başında hörmüz boğazınını bağlanması dayanır:
“Hörmüz boğazının bağlanması ilə qlobal neft qiymətləri kəskin şəkildə artdı. Tramp Avropa İttifaqının həm də NATO-da müttəfiqləri olan dövlətlərinə təzyiq edərək, Hörmüz boğazının açılmasını onların boynuna qoymağa çalışır. Və bunu onunla əsaslandırır ki, Hörmüz boğazından daşınan neftin çox cüzi hissəsi ABŞ-yə gedir. Bu doğrudur. Amma boğazın bağlanması qlobal neft qiymətlərinə təsir edir ki, bu da avtomatik olaraq ABŞ daxilində yanacağın qiymətinin artması deməkdir. Halbuki Tramp istər seçki kampaniyasında, istərsə də inauqurasiya mərasimində inflyasiyanın səviyyəsini endirəcəyinin və bunun üçün də enerji daşıyıcılarının qiymətinin aşağı salınacağının vədini verib”.
Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, ABŞ cəmiyyəti ilə siyasi istiqamətlərdə manipulyasiya etmək mümkündür:
“Necəki Tramp xalqa müraciəti zamanı seçki ərəfəsində olduğ kimi bu taktikadan yararlanmağa çalışdı. Amma ABŞ seçicisinin düşüncəsi daha çox iqtisadi vəziyyətin onun cibinə hansı formada təsir etməsi ilə formalaşır. Hazırda ABŞ-də yanacağın qiyməti kəskin bahalaşıb və bu səbəbdən inflyasiya daha da artıb. ABŞ seçicisi də bunun səbəblərini araşdıranda görür ki, Tramp Amerikasının İsraillə birgə İrana hücumuna görə, Hörmüz boğazı bağlanıb, bunu nəticəsində də onlar yanacaq və qida üçün daha çox pul xərcləməli olurlar. Belə olduğu halda isə İran rəhbərliyinin öldürülməsi, yaxud İran donanmasının məhv edilməsi və bu səpkidə digər açıqlamalar fonunda qələbə ritorikası ABŞ xalqını maraqlandırmır və keçərli olmayacaq. Vəziyyət belə davam edəcəyi təqdirdə isə Trampa qarşı daxili təzyiqlər daha da güclənəcək. Bu isə aralıq seçkisi ilində ABŞ hökumətinin maraqlarına cavab vermir. Məhz buna görə də Tramp ABŞ xalqına qələbə mesajı verərək, təcili atəşkəsin əldə olunmasına çalışır”.

Əli Zülfüqaroğlu həmçinin əlavə edib ki, digər tərəfdən istər Avropa İttifaqı, istərsə də Avropa İtifaqı ilə müttəfiq olan demokratlar (qlobal imperializm) Tramp Amerikasının bu müharibədən qalib ayrılmasını istəmir və onların nəzarətində olan transmilli media vasitəsilə ciddi propaqanda aparırlar:
“Çin və Rusiyanın da İrana dəstəyini nəzərə alsaq real mənzərəni müəyyən qədər təsəvvür etmək mümkündür. Britaniyanın ABŞ-nin maraqlarına uyğun olmayan mövqeyi, İspaniya, Fransa və Trampın müttəfiqi olan İtaliyanın hava məkanlarını ABŞ-yə bağlaması Trampın küncə sıxışdırılması məqsədi daşıyır. Buna görə də Tramp daha sözəbaxan ərəb liderlərinə təzyiq edərək, onları müharibəyə qoşmaqla İranı Hörmüzlə bağlı güzəştlərə məcbur etməyə çalışır. Amma reallıq ondan ibarətdir ki, hazırda vəziyyət çoxtərəfli xarakter aldığı üçün İranın Hörmüzlə bağlı təkbaşına qərar verəcəyi ehtimalı azdır. İstər ABŞ daxilində və dünyada əllərində kifayət qədər təsir rıçaqları olan qlobal imperializm, istər Avropa İttifaqı və Çin ABŞ-nin daha dərin bataqlığa sürüklənməsi üçün çalışır. Məhz buna görə də Tramp İranı elektirik stansiyalarını vurmaqla təhdid edir və hesab edirəm ki, bu son çarədir. Bu isə İran, İsrail, Tramp hökuməti və bölgə üçün fəlakət deməkdir”.
Niyaz Hacıyev
Sfera.az
