Rusiya Ukrayna enerji infrastrukturuna zərbə endirdi

Rusiya Silahlı Qüvvələri gün ərzində Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə olunduğu bildirilən Ukraynanın nəqliyyat və enerji infrastrukturuna zərbələr endirib.
Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücumlar əməliyyat-taktiki aviasiya və zərbə tipli pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.
Nazirliyin açıqlamasına görə, Rusiya Silahlı Qüvvələrinin qoşun qruplarının raket bölmələri və artilleriyası Ukrayna ordusunun mövqelərini də hədəfə alıb.
Məlumatda qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin istifadəsində olduğu iddia edilən enerji və nəqliyyat infrastrukturu obyektləri, pilotsuz uçuş aparatlarının idarəetmə və yoxlama məntəqələri, eləcə də Ukrayna hərbçiləri və xarici muzdluların müvəqqəti yerləşdirmə məntəqələri vurulub.
Rusiya Müdafiə Nazirliyi hücumların ümumilikdə 137 rayonda yerləşən hədəflərə yönəldiyini bildirib.
Fidan Hacızadə
Sfera.az
