ABŞ Yaxın Şərqə əlavə qoşun göndərir

ABŞ İrana qarşı həyata keçirilən əməliyyatlar çərçivəsində Yaxın Şərq regionuna daha bir neçə min əsgər göndərməyi planlaşdırır.
Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin adı açıqlanmayan üç ABŞ rəsmisinə istinadən bildirdiyinə görə, yerləşdirmə “minlərlə əlavə hərbçi”ni əhatə edəcək. Lakin kontingentin dəqiq sayı və onların hansı missiyaları yerinə yetirəcəyi hələlik açıqlanmayıb. Məlumata əsasən, “Boxer” amfibiya hücum gəmisi və onun göyərtəsində yerləşən ABŞ Dəniz Piyadaları Korpusunun bölməsi planlaşdırılandan təxminən üç həftə əvvəl Kaliforniyanın San Dieqo şəhərindən Fars körfəzinə doğru yola salınıb.
ABŞ Savaş Nazirliyi (Pentaqon) və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə hələlik məsələyə münasibət bildirməyib. Qeyd edək ki, CENTCOM-un məsuliyyət zonası əsasən Yaxın Şərq və Şimali Afrika regionlarını əhatə edir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Hücumlar zamanı Tehran da daxil olmaqla, ölkənin iri şəhərlərinə zərbələr endirilib. Ağ Ev bu addımı İrandan qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. Bununla yanaşı, ABŞ rəsmiləri İran əhalisini hökumətə qarşı çıxmağa çağırıb.
Zərbələr nəticəsində İran rəhbərliyində ciddi itkilərin olduğu bildirilir. İran isə cavab olaraq İsrailə, eləcə də Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında yerləşən ABŞ hədəflərinə qarşı əks əməliyyatlara başladığını açıqlayıb.
Niyaz Hacıyev
Sfera.az
