Hörmüzdə təhlükəli plan -DETALLAR

Hörmüzdə təhlükəli plan -DETALLAR
Kateqoriya məlum deyil
T

 

ABŞ-nin Hörmüz boğazında neft tankerlərini hərbi müşayiətlə keçirmək planı ciddi təhlükəsizlik riskləri səbəbindən hələlik qeyri-müəyyən olaraq qalır. 

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, hərbi rəsmilərin sözlərinə əsasən, İranın illər ərzində formalaşdırdığı asimmetrik müharibə imkanları bu cür əməliyyatı son dərəcə təhlükəli edir.
Qlobal enerji ticarətinin ən strateji marşrutlarından biri hesab olunan Hörmüz boğazında neft və mayeləşdirilmiş təbii qaz tankerlərinə hərbi müşayiət verilməsi ideyası Vaşinqtonda müzakirə olunsa da, rəsmilər bunun üçün mövcud şəraitin yetərli olmadığını vurğulayırlar.

 

Məlumata görə, ABŞ hərbi gəmiləri İranın dəniz minaları, sürətli hücum qayıqları, pilotsuz sualtı vasitələri və sahilboyu raket sistemləri qarşısında xüsusilə həssas hesab olunur. Hərbi ekspertlər bildirirlər ki, müşayiət əməliyyatı başlamazdan əvvəl bu təhlükələrin əhəmiyyətli hissəsi zərərsizləşdirilməlidir.
Planın risklərini xatırladan əsas nümunələrdən biri 1988-ci ildə ABŞ-nin  Samuel B. Roberts gəmisinin İran minasına düşərək ağır zərər almasıdır. Bu hadisə Hörmüz boğazında hərbi müşayiət missiyalarının nə qədər təhlükəli ola biləcəyini bir daha gündəmə gətirib.

 

Risklərin azalacağı halda ABŞ-nin əməliyyata kiçik miqyaslı karvan sistemi ilə başlaması gözlənilir. Ssenariyə əsasən, iki esminesin müşayiəti altında məhdud sayda tanker Hörmüz boğazından tək sıra ilə keçəcək. İki gövdəli kommersiya tankerlərinin mümkün mina hücumunun ilkin təsirini azaltmaq üçün karvana öncüllük etməsi, hərbi gəmilərin isə əsasən hava təhdidlərinə qarşı müdafiə rolunu üzərinə götürməsi nəzərdə tutulur.

 

Bununla belə, təhlükə yalnız minalarla məhdudlaşmır. İranın sahil xətti boyunca gizlədilən yüzlərlə sürətli qayıq, pilotsuz vasitə və mobil raket sistemi karvanlar üçün daimi risk yaradır. Bu vasitələrin tunellərdə, anqarlarda və sahilboyu gizli mövqelərdə saxlanılması onların tam zərərsizləşdirilməsini çətinləşdirir.

 

Ekspertlərin fikrincə, belə bir əməliyyatın həyata keçirilməsi üçün ABŞ-nin bölgədə əlavə və ciddi hərbi qüvvə toplaması tələb olunur. Hazırda regionda yerləşən bir sıra ABŞ esmineslərinin artıq aktiv missiyalarda olması isə yeni müşayiət planını çətinləşdirən əsas amillərdən biri kimi göstərilir. Mümkün əməliyyatın başlanması üçün Yaponiyadan hərəkət edən USS Tripoli gəmisinin bölgəyə çatmasının da vacib rol oynaya biləcəyi qeyd olunur.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ