İsrailin Livan planı: Tam işğal mümkündürmü?

İsrail Livanda quru əməliyyatına başlayıb. Əməliyyatın keçirilməsində məqsəd "Hizbullah"ın nəzarəti altında olan əraziləri silahlı qruplaşmalardan təmizləmək və İsrailə qarşı olan təhlükəni aradan qaldırmaqdır.
Livan kiçik əraziyə sahib olan ölkələrdəndir. Onun sahəsi 10.5 min kvadrat kilometrdir. Ərazinin kiçik olmasını nəzərə alsaq, İsrailin qonşu ölkənin torpaqlarını tam nəzarətə götürməsi çətin olmaya bilər.
Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Elnur Ənvəroğlu xatırladıb ki, 1982–2000-ci illərdə İsrail Livanın cənubuna nəzarət edib.
E. Ənvəroğlu qeyd edib ki, uzun müddət davam edən işğal davamlı müqavimət nəticəsində aradan qaldırılıb. Siyasi şərhçi hesab edir ki, Livan balaca ölkə olsa da, bəzi nüanslar onun tam işğalını çətinləşdirə bilər:
“Məsələ bundadır ki, Livanın relyefi və yeraltı tunellər ərazinin İsrail tərəfindən tamamilə zəbt olunmasına imkan vermir. Daxili partizan müharibələri bəzən hərbi qoşunların sərbəst hərəkətinə ciddi maneələr törədir”.

E. Ənvəroğlu əlavə edib ki, digər tərəfdən, İsrail Livanı tam işğal etməyə cəhd göstərərsə, bu, BMT-də rəsmi Tel-Əvivə qarşı müəyyən problemlər yarada bilər:
“Hətta İran kimi aktorların dolayı və ya birbaşa müdaxiləsini artıra bilər, eyni zamanda regional müharibəyə çevrilmə riski yaradar. Bu hücumlar 'Hizbullah' dəstələrinin tamamilə zəiflədilməsi və sıradan çıxarılması istiqamətində aparılan əməliyyatlarla tamamlana bilər. İsrailin hazırkı planı Livanı işğal etməkdən daha çox, onun daxilində kök atmış 'Hizbullah' kimi silahlı birləşmələri yox etməkdir. Məsələ bilavasitə İranın regionda mövqeyinin zəiflədilməsi məqsədini daşıyır. Həmçinin düşünmürəm ki, İsrail qüvvələri uzun müddət Livanda qala bilsin. Müəyyən vaxt ərzində istədiyinə nail olduqdan sonra ərazilərdən geri çəkilməsi mümkün görünür”.
Fidan Hacızadə
Sfera.az
