Müharibənin taleyi Hörmüz boğazından asılıdır? – AÇIQLAMA

İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, ABŞ və ya onun müttəfiqlərinin Hörmüz boğazına daxil olmaq cəhdi regionda gərginliyin artmasına səbəb olacaq. Diplomatın sözlərinə görə, ABŞ və müttəfiqlərinin boğaza daxil olması və ya gəmiləri müşayiət etməsi vəziyyəti daha da gərginləşdirə bilər.
Bəs müharibənin gedişində Hörmüz boğazı faktoru nə dərəcədə rol oynayacaq?
Politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında Hörmüz boğazı ətrafında yaranmış indiki situasiyanın Yaxın Şərqdəki savaşın əsas faktoruna çevrilməyə başladığını deyib.
Politoloqun fikrinə əsasən, hətta demək olar ki, Yaxın Şərqdəki savaşın ağırlıq mərkəzi artıq Hörmüz boğazının üzərinə yüklənib:
“Belə anlaşılır ki, indi əsas qarşıdurma bu boğaza nəzarət üzərindən aparılacaq. Çünki Hörmüz boğazı dünya iqtisadiyyatı üçün olduqca önəmli bir faktordur. Dünya bazarlarına çıxarılan neft məhsullarının əhəmiyyətli bir hissəsi, təxminən beşdə biri, bu boğaz vasitəsilə daşınır. Hazırda bu marşrutun fəaliyyəti ciddi problemlərlə üzləşməkdədir. Ona görə də dünyada bu məsələ ilə bağlı müəyyən ziddiyyətlər mövcuddur. Belə ki, bir qisim dövlətlər hesab edir ki, Hörmüz boğazında təhlükəsizliyin təmin olunması ilk hədəflərdən biri olmalıdır. Digər dövlətlər isə bu məsələyə qarışmaqda ehtiyatlı davranırlar”.

E. Xalidbəyli bildirib ki, xüsusilə NATO daxilində bu məsələ ətrafında kifayət qədər ciddi ziddiyyətlər yaranıb:
“ABŞ-nin öz NATO müttəfiqlərinə müraciət etməsinə baxmayaraq, onların böyük əksəriyyəti Amerika Birləşmiş Ştatlarına dəstək verməkdən imtina ediblər. Onlar Hörmüz boğazı ətrafında yaranmış situasiyaya müdaxilə etmək istəmirlər. Əsas ehtiyat etdikləri məqam ondan ibarətdir ki, əgər bu proseslərə müdaxilə etsələr, Yaxın Şərqdəki müharibəyə cəlb oluna bilərlər. Belə anlaşılır ki, ABŞ Hörmüz boğazı məsələsində demək olar ki, tək qalıb. Belə davam edərsə, yaranmış vəziyyət dünya iqtisadiyyatına sarsıdıcı zərbə vura bilər. Bu baxımdan, yaxın həftələrdə əsas proseslər məhz Hörmüz boğazının gələcək taleyinin həll olunması ətrafında cərəyan edəcək”.
Fidan Hacızadə
Sfera.az
