Müharibə ABŞ iqtisadiyyatına necə təsir edəcək? - PROQNOZ

Müharibə ABŞ iqtisadiyyatına necə təsir edəcək? - PROQNOZ
Kateqoriya məlum deyil
T

Yaxın Şərqdə davam edən münaqişələr qlobal siyasət və iqtisadiyyat üçün ən həssas məsələlərdən biri hesab olunur. Region dünyanın əsas enerji mənbələrinin yerləşdiyi ərazilərdən biri olduğu üçün burada baş verən hərbi qarşıdurmalar beynəlxalq bazarlara, xüsusilə də enerji qiymətlərinə və ticarət əlaqələrinə birbaşa təsir göstərir.

 

Belə gərginliklər təkcə region ölkələrini deyil, həm də dünya iqtisadiyyatının aparıcı güclərini narahat edən əsas amillərdən biri kimi qiymətləndirilir. Bu baxımdan Yaxın Şərqdə müharibənin genişlənməsi ehtimalı qlobal iqtisadi proseslərə təsiri ilə bağlı müzakirələri daha da artırır. Xüsusilə regionda baş verən hadisələrin enerji bazarına və beynəlxalq ticarətə mümkün təsirləri böyük iqtisadiyyatlara malik ölkələr üçün mühüm risk faktoru kimi dəyərləndirilir.

 

Bu fonda münaqişənin dünyanın ən böyük iqtisadi güclərindən biri olan ABŞ-nin uqtisadiyyatına necə təsir göstərə biləcəyi də müzakirə olunan əsas məsələlərdən biridir. Maraqlıdır, Yaxın Şərq münaqişəsi ABŞ iqtisadiyyatına ciddi mənada təsir edə bilərmi?

 

Bununla bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən münaqişələr qlobal iqtisadi proseslərə təsir göstərdiyi üçün ABŞ iqtisadiyyatına da müəyyən təsirlər yarada bilər:

 

 

“Bu təsirlərin ən əsas istiqamətlərindən biri enerji bazarı ilə bağlıdır. Yaxın Şərq dünyanın ən böyük neft və qaz istehsal edən regionlarından biridir və burada hərbi gərginliyin artması qlobal enerji qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Neft qiymətlərinin artması isə ABŞ-də yanacaq və nəqliyyat xərclərini yüksəldə, inflyasiyanın artmasına müəyyən təzyiq göstərə bilər. Digər tərəfdən, ABŞ iqtisadiyyatı nisbətən böyük və şaxələndirilmiş olduğu üçün belə münaqişələrin birbaşa təsiri adətən məhdud olur. ABŞ son illərdə enerji istehsalını artıraraq dünyanın ən böyük enerji istehsalçılarından birinə çevrilib. Bu isə ölkənin xarici enerji şoklarından müəyyən qədər qorunmasına kömək edir”.

 

Ekspert qeyd edib ki, münaqişələrin başqa bir təsiri müdafiə xərclərinin artması ilə bağlı ola bilər:

 

“Yaxın Şərqdə gərginlik artdıqda ABŞ-nin hərbi və təhlükəsizlik xərcləri də yüksələ bilər. Bu isə dövlət büdcəsinə əlavə yük yarada bilər. Bununla yanaşı, bəzi müdafiə sənayesi şirkətləri üçün sifarişlərin artması iqtisadi fəaliyyətə müsbət təsir də göstərə bilər. Qlobal ticarət və maliyyə bazarları da belə münaqişələrə həssasdır. Geosiyasi risklər artdıqda investorlar daha ehtiyatlı davranır, bu da maliyyə bazarlarında dalğalanmalara səbəb ola bilər. Lakin ABŞ iqtisadiyyatının böyük daxili bazara malik olması və güclü maliyyə sistemi belə şokların təsirini adətən müəyyən qədər yumşaldır. Ümumilikdə, Yaxın Şərqdəki münaqişənin ABŞ iqtisadiyyatına müəyyən dolayı təsirləri ola bilər, xüsusilə enerji qiymətləri və maliyyə bazarları vasitəsilə. Ancaq bu təsirlərin çox vaxt ciddi və uzunmüddətli böhran yaratması ehtimalı nisbətən aşağı qiymətləndirilir və daha çox qlobal iqtisadi vəziyyətdən və münaqişənin miqyasından asılı olur”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ