Xarq adası: Niyə bu qədər əhəmiyyətlidir? – ARAŞDIRMA

Xarq adası: Niyə bu qədər əhəmiyyətlidir? – ARAŞDIRMA
Kateqoriya məlum deyil
T

ABŞ qüvvələri İranın Fars körfəzi sularında yerləşən Xarq adasındakı hərbi hədəflərə zərbələr endirib. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında məlumat verib. Onun sözlərinə görə, əməliyyat zamanı adadakı hərbi obyektlər hədəfə alınıb, lakin neft infrastrukturu vurulmayıb.


ABŞ rəsmiləri zərbələrin əsasən raket və dəniz mina anbarlarına yönəldiyini bildiriblər. Vaşinqton administrasiyası iddia edir ki, bu sistemlər İran tərəfindən Hörmüz boğazında beynəlxalq gəmiçiliyi pozmaq üçün istifadə oluna bilər. Bununla yanaşı, ABŞ prezidenti xəbərdarlıq edib ki, İran boğazda gəmilərin hərəkətinə mane olacağı təqdirdə, adadakı neft obyektləri də hədəfə alına bilər.


Bəs ABŞ-nin zərbə endirdiyi Xarq adası niyə bu qədər əhəmiyyətlidir?


Sfera.az xəbər verir ki, Xarq adası İran üçün son dərəcə strateji əhəmiyyət daşıyır. Fars körfəzində, İran materikindən təxminən 30 kilometr aralıda yerləşən bu ada ölkənin ən böyük neft ixrac terminalının yerləşdiyi məkandır. Məlumatlara görə, İranın xam neft ixracının təxminən 90 faizi məhz bu adadakı terminallar vasitəsilə həyata keçirilir.


Adanın ərazisi təxminən 21 kvadrat kilometrdir. Burada həm iri neft terminalları, həm də yaşayış məntəqələri yerləşir. Təxminən 8 mindən çox insanın yaşadığı adada neft sənayesi ilə bağlı geniş infrastruktur formalaşdırılıb.


Qeyd edək ki, Xarq adasında neft hasilatı aparılmır. İranın quruda və dənizdə yerləşən yataqlarından, o cümlədən Əbu Zər, Furuzan və Durud sahələrindən çıxarılan xam neft boru kəmərləri vasitəsilə adaya çatdırılır. Burada iri saxlama çənlərində toplanan neft daha sonra tanker gəmiləri ilə dünya bazarlarına göndərilir.


Adadakı terminalların ümumi saxlama tutumunun təxminən 28 milyon barel olduğu bildirilir. Gündəlik yükləmə qabiliyyəti isə 7 milyon barelə qədər qiymətləndirilir. Bununla belə, beynəlxalq sanksiyalar səbəbindən İranın faktiki ixrac həcmi bu göstəricilərdən xeyli aşağıdır.


Xarq adasını İran üçün əvəzolunmaz edən əsas amillərdən biri də onun təbii dərin su limanına malik olmasıdır. Fars körfəzində İran sahillərinin böyük hissəsində sular dayaz olduğu üçün iri neft tankerlərinin yanaşması çətinləşir. Lakin Xarq adası ətrafındakı dərin sular böyük tanker gəmilərinin təhlükəsiz şəkildə yan almasına imkan verir. Bu xüsusiyyət adanı İran neftinin qlobal bazarlara çıxarıldığı əsas logistika mərkəzinə çevirib.


Analitiklərin fikrincə, adadakı neft infrastrukturu ciddi zədələnərsə, İranın neft ixracının böyük hissəsi dayanacaq. Bu isə dünya bazarında neft təklifinin azalmasına və qiymətlərin kəskin artmasına səbəb ola bilər.


Məhz bu səbəbdən regionda artan gərginlik fonunda Xarq adası yalnız İran üçün deyil, həm də qlobal enerji bazarı üçün strateji əhəmiyyət daşıyan nöqtələrdən biri hesab olunur.

 

Firuzə Əliyeva
Sfera.az

 

PAYLAŞ