"ABŞ bütün müharibələrdə məğlub olub" – Cozef Borrell

"ABŞ bütün müharibələrdə məğlub olub" – Cozef Borrell
Kateqoriya məlum deyil
T

Keçmiş Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrell bildirib ki, ABŞ İkinci Dünya Müharibəsindən sonra BMT bayrağı altında aparılan əməliyyatlar istisna olmaqla, demək olar ki, bütün müharibələrdə məğlub olub.

 

Sfera.az xəbər verir ki, o, TVE telekanalına verdiyi müsahibədə ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyatları barədə də fikirlərini bölüşüb. Borrellin sözlərinə görə, bu prosesin qarşısını ala biləcək əsas amillər ABŞ daxilində yaranacaq iqtisadi problemlərdir.


“ABŞ – İsrail arasında İrana qarşı hərbi əməliyyatı dayandıra biləcək yeganə şey dolların faiz dərəcələrinin artması, ABŞ-də inflyasiyanın yüksəlməsi və ölkədaxili problemlərin dərinləşməsidir. İranın cavab addımları da məhz buna nail olmağa hesablanıb”, – deyə o bildirib.


Keçmiş diplomat qeyd edib ki, Vaşinqtonun İrana qarşı mümkün əməliyyat üçün dəqiq strategiyası da yoxdur. Onun fikrincə, ABŞ İkinci Dünya Müharibəsindən sonra yalnız Birləşmiş Millətlər bayrağı altında aparılan əməliyyatlarda uğur qazanıb.


Borrell həmçinin ABŞ və İsrailin addımlarının qlobal enerji bazarına mənfi təsir göstərə biləcəyini də vurğulayıb. Onun sözlərinə görə, bu cür addımlar dünyada yeni enerji böhranı riskini artırır. Keçmiş Aİ diplomatiya rəhbəri Avropadakı mövcud fikir ayrılıqlarına da toxunub. O bildirib ki, hazırda Avropada yaranan “kakofoniya” qismən Avropa Komissiyası tərəfindən səlahiyyətlərindən kənar məsələlər üzrə açıqlamaların verilməsi ilə bağlıdır.


Borrell xatırladıb ki, Avropa İttifaqının müqavilələrinə əsasən, Birliyin xarici və müdafiə siyasətində əsas təmsilçilik funksiyası Avropa Şurası və onun sədri Antonio Kosta tərəfindən həyata keçirilir.


Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ