İsraildə həyat dəyişdi: Metro stansiyaları sığınacağa çevrildi

İsraildə həyat dəyişdi: Metro stansiyaları sığınacağa çevrildi
Kateqoriya məlum deyil
T

ABŞ və İsrailin İranla başladığı müharibə artıq 13-cü gününə qədəm qoyub. Bu müddət ərzində İsraildə həyat tamamilə dəyişib; insanlar hər an yeni raket hücumlarına qarşı sığınacaqlara üz tuturlar. Lakin əksər sığınacaqlarda yer tapmaq mümkün olmur.


Sfera.az xəbər verir ki, İran İsrailin müxtəlif bölgələrinə hücum etdikcə, bu zərbələrdən qorunmaq üçün nəzərdə tutulan sığınacaqların sayının kifayət etmədiyi bildirilir.

 

Tel-Əvivdə vəziyyət daha da gərginləşib; şəhərin demək olar ki, bütün metro stansiyaları təhlükəsizliyini təmin etməyə çalışan israillilər tərəfindən sığınacaq kimi istifadə olunur.


Sığınacaqlarda yer tapa bilməyən sakinlər metro stansiyalarına axın edirlər. Tel-Əvivin müxtəlif metro stansiyalarına süngər və şişmə döşəklərin qoyulduğu, insanların gecə-gündüz orada qaldığı müşahidə edilir. Metro hazırda təhlükəsiz yer axtaranlar üçün son ümid məkanına çevrilib. Görüntülərdən də məlum olur ki, sığınacaqlardakı sıxlıq və yer çatışmazlığı insanları yeraltı nəqliyyat qovşaqlarına üz tutmağa məcbur edib.


İranın bu addımlarının ABŞ və İsrailin başlatdığı hərbi əməliyyatlara cavab olduğu bildirilir. 28 fevralda başlayan əməliyyatlar çərçivəsində ABŞ və İsrail birgə şəkildə İranın bir sıra hərbi və nüvə obyektlərini hədəf alıb.


İran isə cavab olaraq ABŞ hərbi bazalarının yerləşdiyi İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn kimi ölkələrdəki hədəflərə raket hücumları təşkil edib. İran rəsmilərinin məlumatına görə, ABŞ və İsrailin birgə hücumları nəticəsində 1332 nəfər həyatını itirib.


Raket hücumları fonunda sığınacaqlarda yer tapmayan israillilər ölkədə vəziyyətin nə qədər ağırlaşdığını bildiriblər. Sığınacaqların hücumlardan yetərli səviyyədə qorunma təmin etmədiyi barədə xəbərlər yayıldıqca, İsrail hökumətinə qarşı ictimai narazılıq da artır. Sosial mediada hökumətin böhranı idarə etməkdə çətinlik çəkdiyi, insanların isə kifayət qədər qorunmadığı iddia olunur. Bir çox vətəndaş hökumətdən daha təhlükəsiz sığınacaqların tikilməsini və daha effektiv müdafiə mexanizmlərinin hazırlanmasını tələb edir.

 

Mənsumə
Sfera.az

PAYLAŞ