ABŞ-dən İsrailə xəbərdarlıq - Vaşinqtonu qorxudan nədir?

ABŞ administrasiyası İsraildən İrandakı enerji obyektlərinə, xüsusilə də neft infrastrukturuna qarşı yeni hücumlar həyata keçirməməsini istəyib. Bu, iki ölkənin təxminən on gün əvvəl İrana qarşı birgə əməliyyata başlamasından sonra Vaşinqtonun İsrailin hücumlarını məhdudlaşdırmaq istiqamətində atdığı ilk addımdır.
Trampın məqsədi nədir? İsrail Trampın çağırışına tam əməl edəcəkmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Tural İrfan bildirib ki, ABŞ-nin İsraildən İranın neft və enerji infrastrukturunu dağıtmamasını istəməsində məqsəd dünya iqtisadiyyatını mənfi təsirlərdən qorumaqdır.
Onun sözlərinə görə, eyni zamanda ABŞ mümkün qədər məhdud çərçivədə istəklərinə nail olmaq və müharibəni tez yekunlaşdırmaq niyyətindədir:
“Çünki İsrail İranın neft strukturlarını vurmağa davam etsə, İran da İsrail və ABŞ-nin eyni xarakterli müəssisələrini vurmaqla qarşılıq verə bilər. Bu isə iqtisadi problemlər yaradaraq beynəlxalq birliyin ABŞ və İsrailə qarşı təzyiqlərini artırar. Əslində, ABŞ-ni bu müharibəyə təşviq edən İsrail tərəfidir. Lakin bu gedişatın ABŞ üçün ağır nəticələrə səbəb olacağı tərəddüdü hələ də Vaşinqtonun bəzi siyasi dairələrini narahat edir. İsrailin inandırması ilə ABŞ İranı bir neçə günə təslim edəcəyini zənn edirdi, amma bunun əksi baş verdi. İsrailin əsas məqsədi ABŞ-ni sadəcə müharibəyə cəlb etmək idi. Çünki sonrakı proseslərdə artıq ABŞ özü qalib çıxmaq üçün döyüşləri davam etdirməkdə maraqlı olacaq”.

T.İrfan qeyd edib ki, İrana qarşı mövcud proseslərdə ABŞ və İsrailin mövqeyi fərqlidir:
“İsrail nəinki rejimi dəyişmək, hətta İranı parçalamaq niyyətindədir. ABŞ isə nüvə proqramından və İsrailə yaradılan problemlərdən əl çəkilməsi şərtilə, hətta mövcud sistemin qalmasına da razıdır. Yetər ki, ABŞ ilə normal münasibətlərdə olan bir lider önə çıxsın. İsrail İranın əsas istehsalat strukturlarını vurmaqla əsl məqsədinə çatmaq üçün müharibənin davamlılığını qorumaqda maraqlıdır. Çünki ötən günlərdə ABŞ Prezidenti müharibənin yekunlaşa biləcəyi ilə bağlı anons vermişdi. Odur ki, İsrail dolayı yolla da olsa, ABŞ-nin bu çağırışına əməl etməyəcək. İranın da İsrailə tutarlı raket zərbələri endirməsi böyük dağıntılarla müşayiət olunur ki, bu, Vaşinqtonu o qədər də narahat etmir. ABŞ müharibədən əl çəksə belə, İsrail savaşa davam edəcək. Hətta nüvə silahından istifadə etmək həddinə qədər dirəniş göstərə bilər. Çünki onlar hesab edirlər ki, bu savaş İsrailin mövcudluğu və təhlükəsizliyi üçün çox zəruridir”.
Firuzə Əliyeva
Sfera.az
