Trampla Putin nəyi müzakirə edib? - Peskovdan AÇIQLAMA

Vladimir Putin ilə Donald Tramp arasında İran ətrafında yaranmış böhranla bağlı telefon danışığı baş tutub.
Sfera.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb. Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla təxminən bir saat davam edən danışıq zamanı İran böhranının həlli ilə bağlı Moskvanın təkliflərini qarşı tərəfə çatdırıb.
Kremlin sözçüsünün sözlərinə görə, hazırda bu təkliflərin detalları açıqlanmır: “Hazırda ətraflı məlumat vermək imkanımız yoxdur və belə bir niyyətimiz də yoxdur. Prezident Putin bu təklifləri həmkarına təqdim edib. Prosesin necə inkişaf edəcəyini zaman göstərəcək”,-deyə Peskov qeyd edib.
O əlavə edib ki, Putin regionda gərginliyin artdığı ilk günlərdən, hətta hücumlar başlamazdan əvvəl belə, vasitəçilik və gərginliyin azaldılması üçün müxtəlif variantlar təklif edib. Kremlin sözçüsü bildirib ki, həmin təkliflərin əksəriyyəti hələ də qüvvədədir və Rusiya sülh prosesinə dəstək verməyə hazırdır. Peskov həmçinin Rusiyanın İrana kəşfiyyat məlumatları ötürdüyü barədə yayılan iddialara da münasibət bildirib. O, bu məsələ ilə bağlı Moskvanın heç bir şərh vermədiyini qeyd edib.
Bəsti Rəfizadə
Sfera.az
