Fransa Qırmızı dənizə iki hərbi gəmi göndərəcək

Fransa Avropa İttifaqının Qırmızı dənizdə həyata keçirdiyi Aspides dəniz missiyası çərçivəsində bölgəyə iki freqat göndərəcək.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Fransanın prezidenti Emmanuel Makron bildirib. Makron bu barədə Kiprdə çıxışı zamanı məlumat verib. O, Kipr prezidenti Nikos Xristodulidis və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşdən sonra jurnalistlərə açıqlama verib. Fransa prezidenti bildirib ki, hazırda həm Avropa ölkələri, həm də digər tərəfdaş dövlətlərlə birlikdə Qırmızı dənizdə təhlükəsizliyi təmin etmək üçün daha geniş dəniz missiyasının yaradılması üzərində iş aparılır.
“Hazırda həm Avropa, həm də qeyri-Avropa dövlətləri ilə birlikdə hazırlanmalı olan tam müdafiə və tam müşayiət missiyasının qurulması prosesindəyik”,-deyə Makron vurğulayıb. Onun sözlərinə görə, bu missiyanın əsas məqsədi Qırmızı dənizdə ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək və beynəlxalq dəniz yollarında sabitliyi qorumaqdır.
Fidan Hacızadə
Sfera.az
