2026-cı ilin Asiyası: Yeni münaqişə dönəmi başlayır

2026-cı ilin Asiyası: Yeni münaqişə dönəmi başlayır
Kateqoriya məlum deyil
T

Asiya qitəsində geosiyasi gərginliklərin və münaqişə ocaqlarının sayı artmaqdadır. Bölgədə böyük dövlətlərin maraqlarının toqquşması təhlükəsizlik risklərini daha da dərinləşdirir. Xüsusilə ABŞ-nin Tayvana hərbi dəstəyini artırması və adanı müasir silah sistemləri ilə təchiz etməsi Çinlə münasibətlərdə ciddi gərginlik yaradır. Pekin bu addımları öz ərazi bütövlüyünə təhdid kimi qiymətləndirir və bölgədə hərbi aktivliyini artırır. Eyni zamanda Cənubi Asiyada da vəziyyət sabit deyil. Nüvə silahına malik Pakistan və Hindistan arasında baş verən son toqquşma iki ölkə arasında illərdir davam edən gərginliyin yenidən alovlandığını göstərir.


Bəs 2026-cı ildə Asiyada münaqişələrin sayının artması riski varmı?


Sfera.az-a mövcud məsələ ilə bağlı münasibət bildirən politoloq Əli Mustafa bildirib ki, son illərdə baş verənlər dünya nizamında dəyişikliklərə səbəb olmaqdadır:

 

"İkinci Dünya müharibəsindən sonra dünyada yaranmış təhlükəsizlik sistemi demək olar ki, çökür. Həmin sistemi quran dövlətlər artıq sanki o sistemin şərtlərinə əməl eləmirlər, o sistemdən çıxırlar və hər biri öz başının halındadır. Bu gün Amerika qitədə güclənməyə çalışır, oraya çəkilir, oradakı öz maraqlarını, təhlükəsizlik konsepsiyasını gerçəkləşdirməyə çalışır. Rusiya keçmiş sovet ərazilərini işğal etmək istəyir, Çin Hind-Pasifikdə güclənməyə, Tayvanı ilhaq etməyə meyillidir. Hindistanın da öz maraqları var. Dünyanın başqa dövlətlərində də, hələ bunlar böyük dövlətlərdir, amma biz bilirik ki, təqribən orta və kiçik dövlətlər arasında da gərginliklər var. Xeyli münaqişələr, gərginliklər var, həll edilməyən məsələlər mövcuddur. Yəni dünyada o təhlükəsizlik sisteminin dağılması ilə əslində bu münaqişələrin də önü açılır. Ona görə də təəssüf ki, biz 2026-cı ildə Asiyada da xüsusilə müəyyən narahat məqamları müşahidə edə bilərik, qarşıdurmaları müşahidə edə bilərik. Düzdür, Tramp da bəzən bu proseslərə qarşı çıxır, müəyyən məsələləri əngəlləyir. Amma eyni zamanda Amerikanın da bildiyiniz kimi öz maraqları var. O, Filippinlə, Yaponiya ilə Cənubi Koreya ilə əməkdaşlıq edir. Eyni zamanda Tayvanı dəstəkləyir, bu yaxınlarda Tayvana səhv etmirəmsə 11-12 milyard dollar dəyərində silah satışı ilə bağlı bir anlaşma oldu. Əlbəttə ki, bu da Çinin maraqlarına uyğun deyil. Yəni bütün bunlar hamısı onu deməyə əsas verir ki, Cənubi Asiyada gərginlik var və bu arta bilər”.

 


Politoloq əlavə edib ki, Pakistan-Hindistan arasında məlum olaraq, münaqişələr davam edə bilər, çünki orada da mövcud olan problemlər həll olunmayıb:

 

“Kəşmir məsələsi, digər məsələlərlə bağlı onların anlaşması, razılaşması yoxdur. Eyni zamanda biz İranla Əfqanistan arasında da, Pakistanla Əfqanistan arasında da müəyyən ziddiyyətli məqamlar olduğunu bilirik və bütün bunlar istənilən an bir qarşıdurmaya, savaşa və müharibəyə çevrilə bilər. Təəssüf ki, dünya ciddi bir gərginlik dönəminə girir. Əlbəttə, bunlardan hansının nə vaxt “çat” verəcəyi, hansının 2026-cı ildə, hansının 2027-ci ildə müharibəyə çevriləcəyi proqnozlaşdırmaq çətindir. Amma etiraf eləmək lazımdır ki, yeni bir dönəm, sanki bir aydınlanma dönəmi, münaqişə dönəmi gəlir.Biz sadəcə olaraq düşünürəm ki, ona hazır olmalıyıq. Digər ərazilərdə baş verən münaqişələrin əlbəttə müəyyən təsiri bizə də var, amma ən ciddisi bizim öz coğrafiyamızda, öz bölgəmizdə təhlükəsizlik məsələlərimizi gücləndirməyimizdir. Türkiyə ilə, Pakistan ilə, eyni zamanda türk dövlətləri ilə əməkdaşlığımızın dərinləşdirilməsi və hər bir siyasi sahədə əməkdaşlığımızın daha da gücləndirilməsinin təmin olunması vacibdir”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ