Trampın aqressiv xarici siyasəti – Məqsəd nədir?

ABŞ Prezidenti Donald Trampın son zamanlarda xarici siyasətdə sərgilədiyi sərt ritorika beynəlxalq gündəmi yenidən gərginləşdirib. Venesuela və Kolumbiyaya qarşı hücum xarakterli bəyanatları, Latın Amerikasında quru hədəflərinə zərbələr endirilməsi barədə açıqlaması, eləcə də Ukraynaya ünvanlanan gözdağı mesajları Vaşinqtonun yeni eskalasiya kursuna keçdiyi barədə sualları artırır. Tramp administrasiyasının aqressiv tonunun arxasında daxili siyasi hədəflər, regional güc düzəninin dəyişməsi, həmçinin ABŞ-nin qlobal təsir dairəsini yenidən sərtləşdirilmiş metodlarla möhkəmləndirmə cəhdlərinin dayanıb-dayanmadığı müzakirə olunur.
Bəs görəsən Trampın artan hücum ritorikasının arxasında hansı siyasi və ya geosiyasi motivlər mövcuddur?
Sualımızı cavablandıran politoloq Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə xarakter baxımından Donald Trampın bir qədər əvvəlki prezidentlərdən fərqlənməsi ABŞ-nin xarici siyasətində müəyyən təlatümlü nəticələrə yol açır.
Onun sözlərinə görə, prezidentin ritorikası və siyasi qərarları, aqressiv münasibəti müxtəlif ölkələrdə narahatlığa səbəb olub:
“Ukrayna müharibəsi ilə bağlı əvvəlki vədlər və hazırki mövqeyin uyğunsuzluğu da əlavə narahatlıq yaradır. Həmçinin Ukraynaya yardımı dayandırma məsələsində ABŞ-nin nüfuzuna mənfilik gərirməsi haqda da fikirlər var. Venesuela və Kolumbiyaya qarşı hücum xarakterli bəyanatların verilməsi təhdid ritorikası ilə müşayiət olunur ki, bu da ABŞ-nin düşmənlərinin sayını artırır”.

Politoloq Trampın bu ritorikasının kökündə hansısa konkret siyasi, geosiyasi məqsədlərin olduğunu güman etmir:
“Bu, sadəcə onun xarakteri ilə bağlıdır. Təbii ki, burada biznes, ticarət maraqları da var. Eyni zamanda Venesuela iddia edir ki, ABŞ onun neft yataqlarına göz dikib. Hər halda maddi maraqlar naminə bu ölkələri tam etmək ABŞ-nin planında ola bilər. Lakin digər siyasi bəhanələr sadəcə həmin məqsədə xidmət edən amillərdəndir. Trampın bu kimi addımlarının mahiyyətində ölkənin daha da varlanmasıdır. Bunun üçün vergiləri qalmaqdan tutmuş Ukraynaya yardımı dayandırmaqla qənaət etməyə qədər qərarlar qəbul edib”.
Müsahibimiz vurğulayıb ki, bütün bunlar Trampın bütün mümkün vasitələrdən istifadə edərək dövlət büdcəsini doldurmaqdır:
“Super güc olmaqla bütün dünyanı idarə etmək, tabe etmək və ölkəni daha çox varlandırmaq Trampın əsas məqsədlərindəndir. Xarici siyasətdə geosiyasi məsələlərdən daha çox ticari maraqları önə sürməsi də bu qəbildəndir”.
Niyaz Hacıyev
Sfera.az
