Zelenski hakimiyyətdən gedir? - "Yekun qərar..."

Ukrayna Prezidenti Volodimir Zelenskinin Yeni il ərəfəsində istefa verə biləcəyi ilə bağlı iddia gündəmə gəlib. Siyasi texnoloq Vladimir Petrovun sözlərinə görə, Zelenski “artıq davam etmək istəmədiyini” əsas gətirərək yaxın zamanda istefa qərarını açıqlaya bilər.
O həmçinin ehtimal edir ki, dekabrın 15-dək atəşkəs əldə olunacaq və prezident Yeni il müraciətində postunu tərk etdiyini elan edəcək.
Bu iddia nə dərəcədə realdır? Zelenskinin mümkün istefası halında alternativ lider kimi kimlər ön plana çıxır və həmin dövrədək sülh razılaşmasının əldə olunması ehtimalı varmı?
Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin istefa verəcəyi ilə bağlı müxtəlif iddialar səslənsə də, onların real olduğuna ciddi əsas görmür:

“Çünki ölkənin indiki durumunda, xüsusilə də Yeni il ərəfəsində Zelenskinin vəzifədən kənara çəkilməsi praktiki olaraq mümkün görünmür. Bu addım, faktiki olaraq, onun ölkəni ağır vəziyyətdə qoyub geri çəkildiyi kimi anlaşılacaq ki, bu da nə Zelenskinin siyasi gələcəyi, nə də komandası üçün arzuolunan ssenari deyil. Məhz buna görə də həmin iddiaları daha çox manipulyativ yanaşmalar kimi qiymətləndirirəm. Xüsusilə Rusiya siyasi texnoloqlarının bu cür məlumatları dövriyyəyə buraxmaqla Ukraynadakı psixoloji atmosferə təsir göstərməyi hədəflədiyi ehtimal olunur”.
Politoloq Ukrayna və Rusiya arasında ilin sonuna qədər sülh əldə olunub-olunmayacağını söyləməyin isə olduqca çətin olduğunu qeyd edib:
“Çünki proses hələ davam edir. Dünən ABŞ-nin vasitəçiliyi ilə iki tərəf arasında keçirilən görüş barədə nikbin açıqlamalar verilsə də, hələ də ciddi və müzakirə tələb edən məsələlər mövcuddur. Bu da danışıqların vaxtını uzadan əsas faktorlardandır. Zelenskinin mümkün varisi ilə bağlı müxtəlif iddialar səslənsə də, hazırda Ukraynada ən yüksək reytinqə malik siyasətçi elə Zelenskinin özüdür. Şübhəsiz ki, bir sıra qlobal güclər onun fəaliyyətindən narazıdır və davam etməsini istəmirlər. Lakin bütün bunlara baxmayaraq, yekun qərarı həm Zelenski, həm də Ukrayna xalqı verəcək”.
Fidan Hacızadə
Sfera.az
