ABŞ Ukraynanı hədələdi: “İmzalanmasa, dəstək dayandırılacaq”

ABŞ Ukraynanı hədələdi: "İmzalanmasa, dəstək dayandırılacaq"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukraynaya Rusiyayla müharibənin dayandırılmasına dair hazırladığı 28 maddəlik sülh planını imzalamaq üçün cümə axşamına qədər vaxt verib.

 
Sfera.az
xarici mediaya istinadən xəbər verir ki, sənəd imzalanmadığı təqdirdə Vaşinqtonun Kiyevə göstərdiyi bütün hərbi və maliyyə yardımının dayandırılacağı bildirilib.

 

Plan Ukraynanın hazırda müdafiə etdiyi Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin, həmçinin Krımın Rusiyaya verilməsini və Ukrayna ordusunun ciddi şəkildə zəiflədilməsini nəzərdə tutur. Kiyev və Avropa ölkələri bu təklifi “qəbuledilməz” adlandırıb.

 

Cümə günü Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşən ABŞ ordusunda mühüm vəzifə tutan Daniel Driskoll sənəddə heç bir müzakirə mövzusunun qalmadığını bildirib. O, Avropa diplomatları ilə görüşdə sərt tonda çıxış edərək “Bu işi bitirməliyik. Maddələr razılaşmaya açıq deyil. Detalları müzakirə etmirik”, – deyə qeyd edib.

 

Driskoll həmçinin xəbərdarlıq edib ki, Ukrayna sənədi imzalamasa, ABŞ-nin bütün dəstəyi dayandırılacaq.

 

Zelenski Cümə günü verdiyi açıqlamada ölkənin tarixinin ən ağır mərhələlərindən birini yaşadığını bildirib:

 

“Ukrayna çox çətin bir seçimlə qarşı-qarşıya qala bilər”, – deyə dövlət başçısı vurğulayıb.

 

Tramp isə eyni gün Oval kabinetdə açıqlama verərək Zelenskinin planı qəbul etmək məcburiyyətində qalacağını deyib.

 

“Bir nöqtədə nəyisə qəbul etməli olacaq”.


G20 sammiti çərçivəsində Yohannesburqda olan Avropa liderləri gecə yarısına qədər davam edən ikitərəfli görüşlərdə Trampın tələbini yumşaltmağa çalışıblar. Onlar planın Rusiyanın hücumlarını legitimləşdirəcəyini və Moskvaya Avropaya qarşı yeni təcavüz üçün təkan verəcəyini bildiriblər.

 

Plan ABŞ daxilində də tənqid edilib. Respublikaçı senator Miç Makkonnell deyib:

 

“Putin bütün il Trampı aldatmaqa çalışdı. Rus vəhşiliyini mükafatlandırmaq ABŞ üçün fəlakət olar”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR