Rusiya-Ukrayna müharibəsi bitir? - "Dekabradək..."

Rusiya-Ukrayna müharibəsi bitir? - "Dekabradək..."
Kateqoriya məlum deyil
T

Rusiyanın Qara dənizdəki Novorossiysk limanında “Urals” markalı neftin bir barelinin qiyməti 36 dollara qədər azalıb. Eyni tendensiya Baltik dənizi limanlarında da müşahidə olunub.

 

Hazırda “Urals” neftinin qiyməti “Brent” markalı neftə nisbətən 23,52 dollar aşağıdır. Rusiya neftinin qiymətini endirməsinə səbəb Tramp administrasiyasının ikinci dərəcəli sanksiyaları ilə bağlıdır. İdxalçılar sanksiyalara düşməmək üçün Rusiya neftini almaq istəmir.

 

Müharibə xərclərinin artması fonunda gəlirlərin azalması Rusiyanın uzun müddət savaşı maliyyələşdirmək imkanlarına təsir edə bilərmi?

 

Sfera.az-a bu barədə açıqlama verən iqtisadçı Natiq Cəfərli Tramp administrasiyasının son sanksiyalarının müharibə başlayandan bəri Qərbin Rusiyaya qarşı tətbiq etdiyi ən güclü məhdudlaşdırıcı tədbir hesab olunduğunu bildirib. İqtisadçının sözlərinə görə, artıq 4 ildir ki, Rusiyanın Ukraynaya qarşı işğalçı siyasəti davam edir və əslində, ABŞ-də demokratlar dönəmindəki sanksiyaların və  Aİ ölkələrinin tətbiq etdiyi sanksiyaların Rusiyanı danışıqlara məcbur etmək gücü kifayət qədər təsirli olmamışdı:

 

 

“Çünki həmin sanksiyalardan asanlıqla yan keçmək mümkün idi və bunu Qərb şirkətlərinin özləri də dolayısı ilə dəstəkləyirdilər. Rusiya Ermənistandan, Çindən, Hindistandan, Tayvandan və digər kanallardan istifadə etməklə sanksiyaları rahat şəkildə aşırdı”.

N.Cəfərli Trampın tətbiq etdiyi sərt sanksiyaların Rusiyanın maliyyə mənbələrini kəskin şəkildə azaltdığını əlavə edib. O bu addımın əsas məqsədinin Moskvanı danışıqlara məcbur etmək və Ukrayna müharibəsinə son qoymaq olduğunu qeyd edib:

 

“Ehtimal var ki, dekabr ayına qədər müəyyən təmaslar baş tuta bilər. Əgər atəşkəs elan olunsa, ABŞ-nin son sanksiyaları yumşaltması mümkündür və bu, Rusiya üçün mühüm siqnal ola bilər. Bu səbəbdən düşünürəm ki, yeni sanksiyaların əsas hədəfi Rusiyanı danışıqlar masasına oturtmaq və müharibəni bitirməkdir. Çox güman ki, bu məqsədə çatmaq üçün əlverişli imkan yaranıb. Çünki Rusiya müharibəyə hər gün təxminən 150 milyon dollar xərcləyir və maliyyə mənbələri tükəndikcə müharibəni aparmaq da qeyri-mümkün olur”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR