Rusiya Ukraynaya qarşı tam hücuma keçdi? - AÇIQLAMA

Rusiya Ukraynanın Krımdan başqa daha dörd vilayətinə- Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinə iddia etdiyini rəsmi şəkildə açıqlasa da, son günlərdə bu ərazilərə aidiyyatı olmayan Xarkov vilayətinə qarşı da qurudan hücumları intensivləşdirib.
Rusiyanın bu addımı atmaqda əsas məqsədi nədir? Donbasda istəyinə nail olmayan Rusiya digər əraziləri işğal etməklə məqsədinə çatmaq istəyir?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Tural İrfan Rusiyanın əsas məqsədinin mümkün qədər çox ərazi ələ keçirmək olduğunu deyib. Onun sözlərinə görə, Avropa və ABŞ-nin Ukraynaya verdiyi dəstək isə demək olar ki, Rusiyanın hücumlarının qarşısını almağa kifayət etmir:

“Rusiya əlverişli şəraitdən istifadə edərək hücumları artırır və işğalı davam etdirir. Qərb isə əsasən Rusiyanın daxildən zəifləməsini gözləyir və buna çalışır, lakin bu yanaşma hələlik ciddi nəticə vermir. Əgər sülh və ya atəşkəs danışıqları baş tutsa belə, Rusiya hazırda nəzarət etdiyi ərazilər hesabına danışıqlarda daha üstün mövqeyə sahib ola bilər”.
T.İrfan bu səbəbdən də Qərbin Ukrayna məsələsində daha ciddi rol almasının vacib olduğunu əlavə edib. O qeyd edib ki, əks halda Rusiyanın irəliləyişi gələcəkdə münaqişəni daha da dərinləşdirərək onu Fələstin–İsrail münaqişəsi kimi çıxılmaz vəziyyətə sala bilər:
“Hazırda müharibə işğalın qarşısını almaq üçün aparılırsa, gələcəkdə işğal edilmiş əraziləri geri qaytarmaq üçün daha uzunmüddətli müharibə aparılmalı olacaq. Ukrayna işğalla barışmayacaq və bu, münaqişənin illərlə davam etməsi riski yaradır. Məhz buna görə də Qərb Rusiyanın irəliləyişini dayandırmaq üçün beynəlxalq təşkilatları aktivləşdirməli və özü də prosesdə daha ciddi rol oynamalıdır”.
Fidan Hacızadə
Sfera.az






