Trampın “risk paketi”: Sanksiyalar Azərbaycana təsir edə bilərmi?

Trampın "risk paketi": Sanksiyalar Azərbaycana təsir edə bilərmi?
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə əməkdaşlıq edən ölkələrə qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsini dəstəklədiyini açıqlayıb. Respublikaçı qanunvericilər tərəfindən təqdim olunan bu “risk paketi” Rusiya ilə biznes əlaqələri olan ölkələri hədəfə alır.


Trampın bu “risk paketi”ndə hansı ölkələr yer ala bilər və Azərbaycan bundan necə təsirlənəcək?


Sualımızı cavablandıran politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın Rusiya ilə əməkdaşlıq edən ölkələrə qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsini dəstəkləməsi Vaşinqtonun qlobal güc balansında yeni xətt formalaşdırdığını göstərir.


Onun sözlərinə görə, Tramp administrasiyası Rusiya ilə iqtisadi, hərbi və ya enerji sahəsində sıx əlaqələri olan ölkələri “risk paketi”nə daxil etməklə Moskvanı beynəlxalq təcridə sürükləmək, həm də ABŞ-nin qlobal təsir imkanlarını genişləndirmək niyyətini nümayiş etdirir:


“Bu addımın İranın da siyahıya əlavə oluna biləcəyi fikri Vaşinqtonun regional geosiyasətə daha kəskin yanaşacağını göstərir”.

 

Politoloq vurğuladı ki, risk paketinə ilk növbədə Rusiya ilə strateji tərəfdaşlıq edən ölkələrin düşəcəyi ehtimal edilir:

 

“Çin, İran, Şimali Koreya, Belarus kimi dövlətlər Moskva ilə hərbi-siyasi koordinasiyası və iqtisadi əlaqələri səbəbindən ABŞ tərəfindən prioritet hədəf kimi qiymətləndirilir. Bununla yanaşı, Rusiya ilə enerji ticarəti aparan Türkiyə, Hindistan və Körfəz ölkələri də indi diqqət mərkəzindədir. Tramp administrasiyasının məqsədi bu ölkələri Moskva ilə əməkdaşlıq xəttini yenidən nəzərdən keçirməyə vadar etməkdir”.

 

Müsahibimiz dedi ki, Azərbaycanın məsələyə münasibətdə vəziyyəti daha incədir:


“Bakı Rusiya ilə enerji, təhlükəsizlik və ticarət sahələrində əməkdaşlıq etsə də, Qərb strukturları ilə də balans yaradır. Bu baxımdan ABŞ-nin yeni sanksiya paketi Azərbaycan üçün birbaşa təhlükə yaratmır. Çünki Azərbaycan nə hərbi ittifaq, nə də strateji blok səviyyəsində Rusiyadan asılı bir mövqedə deyil. Eyni zamanda Bakı müstəqil siyasət yürüdür, Qərb ilə enerji tərəfdaşlığını dərinləşdirir və regionda yeni nəqliyyat marşrutlarının qurulmasında əsas aktor kimi çıxış edir”.

 

Z.Qarayeva qeyd etdi ki, hər halda Vaşinqtonun sərtləşən mövqeyi Azərbaycan üçün daha diqqətli regional davranış tələb edir:


“Bakı balanslaşdırılmış diplomatiyanı qorumaqla həm enerji layihələrini təhlükəsiz davam etdirməli, həm də Qərb-Rusiya qarşıdurmasının yaratdığı geosiyasi təzyiqləri neytrallaşdırmalıdır. Bu prosesdə Azərbaycanın əsas üstünlüyü müstəqil xarici siyasət kursu, çoxşaxəli tərəfdaşlıqlar və regional sabitlikdə oynadığı mühüm roldur”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR