Yaxın 3-4 ildə Avropa çalxalanacaq - Rusiya ilə müharibə riski artır

Yaxın 3-4 ildə Avropa çalxalanacaq - Rusiya ilə müharibə riski artır
Kateqoriya məlum deyil
T

Serbiya Prezidenti Aleksandr Vuçiçin sözlərinə görə, Avropa ölkələri Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlaşır. Onun bu bəyanatı beynəlxalq gündəmdə ciddi rezonans doğurub. Bu da, yeni müharibə təhlükəsi ilə bağlı sualları gündəmə gətirib.


Bəs Avropa ilə Rusiya arasında hərbi qarşıdurma nə dərəcədə realdır və bu risk hansı amillərlə bağlıdır?


Sualımızı cavablandıran politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlamasında bildirib ki, Serbiya Prezidenti Aleksandr Vuçiçin “Avropa ölkələri Rusiyayla mümkün hərbi münaqişəyə hazırlaşır” bəyanatı, əslində, hazırkı geosiyasi proseslərin reallığını əks etdirir:


“Son iki ildə Avropada müdafiə sənayesinin genişləndirilməsi, ehtiyatların artırılması və NATO-nun şərq cinahında hərbi planlaşdırmanın gücləndirilməsi müşahidə olunur. Vuçiçin bu fikri təsadüfi deyil, çünki Avropa artıq Ukraynadakı müharibənin uzunmüddətli olacağı və Rusiya ilə münasibətlərin strateji qarşıdurma mərhələsinə keçdiyi qənaətindədir”.


Onun sözlərinə görə, Avropa İttifaqı silah-sursat istehsalının həcmini artırmaq üçün “Ammunisiya İstehsalına Dəstək Aktı” kimi mexanizmləri işə salıb, “ReArm Europe” planı çərçivəsində isə 2030-cu ilə qədər yüz milyardlarla avroluq müdafiə investisiyaları nəzərdə tutulur:


“Baltikyanı ölkələr, Polşa və Skandinaviya dövlətləri rekord səviyyədə müdafiə xərcləri ayırır, bu isə Avropanın artıq müharibə riskini “ehtimal” deyil, “hazırlıq” mərhələsində dəyərləndirdiyini göstərir. Bu tendensiya həm Rusiyanın təhdid qavrayışı, həm də NATO-nun kollektiv müdafiə strategiyası ilə bağlıdır”.


Politoloqun fikrincə, Avropa və Rusiya arasında birbaşa hərbi qarşıdurma yaxın perspektivdə real görünmür:


“NATO ilə Rusiya arasında mövcud olan nüvə çəkindirmə amili eskalasiyanın qarşısını alan əsas faktordur. Lakin alyans rəhbərliyi və Avropa liderləri son aylarda açıq şəkildə bildirirlər ki, 3-5 il ərzində zor tətbiqi riskini istisna etmək olmaz. Bu, faktiki müharibə niyyəti deyil, “ən pis ssenariyə hazır ol” siyasətidir”.

 


Müsahibimiz qeyd etdi ki, müharibə riskinin artmasının əsas səbəbi Ukraynada gedən müharibənin qeyri-müəyyən nəticəsi və tərəflərin kompromisə getmək istəksizliyidir:


“Əgər Rusiya hərbi uğursuzluqla üzləşərsə, Qərbə qarşı təzyiq alətlərini artırmağa çalışa bilər. Digər tərəfdən, Avropa ölkələrinin sürətli silahlanması və Rusiyanın bunu təhlükə kimi qavraması qarşılıqlı şübhə mühitini dərinləşdirir. Həmçinin informasiya müharibəsi, kiberhücumlar və enerji təzyiqi kimi hibrid elementlər artıq yeni münaqişə müstəvisinin formalaşdığını göstərir”.


Z.Qarayeva dedi ki, nəticə etibarilə, Vuçiçin bəyanatı müharibənin qaçılmaz olduğunu deyil, Avropada təhlükəsizlik arxitekturasının yenidən qurulduğunu ifadə edir:


 “Avropa dövlətləri artıq siyasi dialoq və diplomatik manevrlərlə yanaşı, real hərbi hazırlığı da prioritet sayır. Müharibə riski mövcuddur, lakin bu, daha çox qarşılıqlı çəkindirmə siyasətinin nəticəsidir. Əsl sual odur ki, tərəflər bu riskləri idarə edə biləcəklərmi, yoxsa geosiyasi balans növbəti böhranla yenidən sarsılacaq”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR