Ukrayna çoxlu sayda “Patriot” alacaq - Sifariş hazırlanır

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ABŞ istehsalçılarından 27 ədəd “Patriot” hava hücumundan müdafiə sistemi sifariş etməyi planlaşdırdığını bildirib.
Sfera.az xəbər verir ki, o bu barədə “The Guardian” qəzetinə verdiyi müsahibədə deyib.
O, həmçinin Avropa ölkələrindən mövcud “Patriot” sistemlərini Ukraynaya borc vermələrini xahiş edib.
Zelenskidən Avropa Birliyi üzvlərinin və Böyük Britaniyanın Ukraynaya kifayət qədər dəstək verib-vermədiyi soruşulduqda prezident “bu, heç vaxt kifayət deyil” deyə qeyd edib. Qəzetin məlumatına görə, o, həmçinin partnyorlardan hərbi-maliyyə dəstəyinin itirilməsi riskini nəzərə alaraq Avropada hərbi mövcudluq məsələsinə ehtiyatla yanaşmağın vacib olduğunu vurğulayıb.
Prezident daha əvvəl aprelin ortalarında Ukraynanın on ədəd “Patriot” sistemi üçün ABŞ-yə 15 milyard dollar ödəməyə hazır olduğunu, lakin Vaşinqtonun satışla bağlı tərəddüd etdiyini bildirmişdi. Zelenski bildirib ki, Kiyev ABŞ-dən sistemləri almaq üçün avropalı tərəfdaşlarının imkanlarından da istifadə etməyi planlaşdırır və buna görə Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinə Qərb ölkələri ilə hava hücumundan müdafiə sistemlərinin mümkün çatdırılması və ölkədə istehsalı üzrə əlaqələri gücləndirməyi tapşırıb.
Rusiya isə təkrarən bəyan edib ki, Kiyev rejiminin silahlandırılması münaqişəni uzatmaqla nəticələnə bilər.
Fidan Hacızadə
Sfera.az






