Tramp üçün çətin günlər başladı

Tramp üçün çətin günlər başladı
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp ikinci dəfə prezident seçildikdən sonra ciddi siyasi və iqtisadi problemlərlə qarşılaşıb. Böyük vədlərlə Ağ Evə qayıdan Tramp, bir il keçməmiş böhranla üz-üzədir.

 

Sfera.az xəbər verir ki, Florida səfərindən qayıdarkən Tramp, Nyu-Yorkun demokrat meri və fələstinpərəst siyasətçi Zohran Mamdaniyə qarşı sərt açıqlama verib:

 

“Əgər seçilərsə, Nyu-Yorka federal vəsait ayırmayacağam”.

 

Bu bəyanat Mamdaniyə olan ictimai dəstəyi daha da artırıb. Ekspertlərə görə, Mamdaninin uğurlu idarəçiliyi Trampın rəhbərlik tərzinə qarşı güclü arqument ola bilər.

 

Trampın qarşısında duran digər sınaq gömrük tarifləri ilə bağlıdır. Ali Məhkəmə yaxın günlərdə onun 1977-ci il “Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu”na əsaslanaraq müttəfiq ölkələrə yüksək rüsumlar tətbiq etməsinin qanuni olub-olmadığını araşdıracaq. Tramp bu tariflərin ölkə iqtisadiyyatını gücləndirdiyini iddia edir. Lakin iqtisadçılar bunun əksini düşünür: qiymətlər artır, əhalinin alıcılıq gücü azalır. Əgər Tramp məhkəmədə uduzarsa, tarif səlahiyyəti Konqresə keçəcək və hökumət zərər çəkmiş şirkətlərə təzminat ödəməli olacaq.

 

Tramp sosial şəbəkədə yazıb:

 

“Əgər qalib gəlsək, dünyanın ən zəngin və təhlükəsiz ölkəsi olacağıq. Uduzsaq, üçüncü dünya səviyyəsinə düşərik. Tanrı bizi qorusun”.

 

Bundan əlavə, Demokratlarla razılıq əldə olunmadığı üçün ABŞ-də dövlət idarələri bir aydır bağlıdır. Minlərlə dövlət qulluqçusu – hava limanı işçiləri, hərbçilər, müfəttişlər və katiblər maaşsız qalıb. Hətta onlara yardım edən xeyriyyə təşkilatları da fəaliyyətini dayandırmaq üzrədir. Tramp isə məsuliyyəti Demokratların üzərinə ataraq deyib:

 

“Məni Demokratlar heç nəyə məcbur edə bilməz”.

 

Sorğulara əsasən, Trampın ictimai dəstəyi də azalır. “Ipsos” və “Washington Post”un birgə araşdırmasına görə, onun reytinqi 40 faizə düşüb.

 

Siyasi müşahidəçilər hesab edirlər ki, Tramp hazırda prezidentlik dövrünün ən çətin mərhələsini yaşayır və bu proses onun gələcək taleyinə ciddi təsir göstərə bilər.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR