“Tesla”nın üzərinə meteorit düşdü: Sürücü möcüzəvi şəkildə sağ qaldı

Avstraliyanın Cənubi bölgəsində inanılmaz bir hadisə baş verib: yeni alınmış “Tesla” avtomobilinin üzərinə meteorit düşüb. Həkim Endryu Melvi-Smit və həyat yoldaşı möcüzəvi şəkildə sağ qalıblar. Mütəxəssislər bunun dünyada ilk belə hadisə ola biləcəyini bildirirlər.
Sfera.az xəbər verir ki, Cənubi Avstraliya Muzeyinin nümayəndələri avtomobilin ön şüşəsinin kosmik obyektin atmosferə daxil olmasına xas yüksək temperaturlara məruz qaldığını təsdiqləyiblər.
Hadisə 19 oktyabrda baş verib. Endryu Melvi-Smit həyat yoldaşı ilə birlikdə yeni avtomobilinin açarlarını aldıqdan sonra evə qayıdırdı. Şosse ilə hərəkət edərkən qəfildən güclü bir partlayış səsi eşidilib: “Hər şey dərhal yox oldu. Ön şüşə sındı, kabinə ağ tüstü ilə doldu və yanma qoxusu gəldi. Elə bildik ki, qəzaya uğrayırıq”, – deyə həkim bildirib.
Dayandıqdan sonra ön şüşədə kraterə bənzər əzik aşkar olunub. Toxunduqda isti olan şüşənin bəzi hissələri yanmış kimi rəngini dəyişmişdi. Əvvəlcə yol qəzası və ya yük maşınının daş atması ehtimalı nəzərdən keçirilsə də, polis və mütəxəssislər meteorit toqquşması ehtimalını irəli sürüblər.
Cənubi Avstraliya Muzeyinin nümayəndələri şüşənin açıq şəkildə yüksək temperaturlara məruz qaldığını və bunun meteorit üçün tipik olduğunu qeyd ediblər. Əgər hadisə təsdiqlənərsə, bu, meteoritin hərəkət edən nəqliyyat vasitəsinə dəydiyi ilk sənədləşdirilmiş hadisə ola bilər.
Xoşbəxtlikdən, sürücü və həyat yoldaşı yalnız şüşə qırıntılarından yaranan kəsiklərlə sağ qalıblar. Muzey hazırda avtomobilin ön şüşəsindən meteorit parçalarını çıxarmağa və toqquşma yerinə axtarış ekspedisiyası təşkil etməyə çalışır.
Astrofizik Conti Horner isə qeyd edir ki, meteoritin toqquşması zamanı səma parlaq işıqla işıqlanmalı idi, lakin belə bir məlumat alınmayıb.
Aysel








