ÇİN ABŞ-nin yeni qanun layihələrinə etiraz etdi

Çin hakimiyyəti Vaşinqtonun Tayvana hərbi dəstək göstərilməsini nəzərdə tutan yeni qanun layihələrinə etiraz edib.
Sfera.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Şurasının Tayvan məsələləri üzrə ofisinin sözçüsü Penq Qinqen məlumat verib.
O, mətbuat konfransında bildirib:
“Biz ABŞ Senatının Tayvanla bağlı neqativ qanun layihələrini irəli sürməsinə qəti şəkildə qarşıyıq. Birləşmiş Ştatlarla Tayvan bölgəsi arasında hərbi əlaqələrə və rəsmi təmaslara tamamilə əleyhinəyik".
Penq Qinqenin sözlərinə görə, Pekin Vaşinqtonu “vahid Çin” prinsipinə və Çin–ABŞ razılaşmalarına əməl etməyə, Tayvanı silahlandırmaqdan və Çinin daxili işlərinə müdaxilə etməkdən çəkinməyə çağırır.
O əlavə edib ki, Tayvanda hakim Demokratik Tərəqqi Partiyası müstəqillik uğrunda təhlükəli addımlar atır və bununla da regionu silahlı qarşıdurma riskinə sürükləyir.
Xatırladaq ki, bundan əvvəl ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Tayvanla bağlı dörd qanun layihəsini təsdiqləyib. Bu sənədlər adaya silah satışını və NATO müttəfiqlərinə bənzər sadələşdirilmiş əməkdaşlıq mexanizmlərini nəzərdə tutur. Taypey administrasiyası isə sürətləndirilmiş hərbi təchizatın vacibliyini vurğulayıb.
Qeyd edək ki, Tayvan 1949-cu ildən, Çin Vətəndaş Müharibəsində məğlub olan Çan Kay-şekin rəhbərlik etdiyi “Kuomintang” qüvvələrinin adaya çəkilməsindən sonra öz administrasiyası tərəfindən idarə olunur. Pekinin mövqeyinə əsasən, Tayvan ÇXR-in ayrılmaz hissəsidir. ABŞ rəsmi olaraq “vahid Çin” siyasətini tanısa da, Taypey administrasiyası ilə qeyri-rəsmi münasibətləri davam etdirir və adaya silah tədarükünü həyata keçirir.
Niyaz Hacıyev
Sfera.az






