Donald Tramp və Kim Çen In görüşü real deyil
Cənubi Koreya prezident administrasiyası ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen Inın APEC sammiti zamanı Koreyalararası sərhəddə qəfil görüşünün baş tutmasını az ehtimallı hesab edir, lakin bu ssenarini tamamilə istisna etmir.
Sfera.az xəbər verir ki, bu barədə administrasiyanın Milli Təhlükəsizlik Agentliyinin üçüncü direktor müavini Oh Hyun-ju mətbuat konfransında bildirib.
“Hazırda bu görüşün baş tutacağına dair konkret bir əlamət yoxdur”– deyə o qeyd edib.
“Məndə görüşlə bağlı xüsusi məlumat yoxdur, yalnız mediada yayılan fərziyyələr var” – rəsmi əlavə edib.
Jurnalistlərin görüş ehtimalı ilə bağlı israrlı suallarına cavab verən Oh Hyun-ju xatırladıb ki, 2019-cu ildə Tramp və Kim Çen In arasında Koreyalararası sərhəddə keçirilən görüş qısa müddətdə hazırlanmışdı.
Onun sözlərinə görə, hazırda Cənubi Koreya administrasiyası Şimali Koreyanın mümkün addımlarına dair öz qiymətləndirməsinə əsaslanaraq belə bir görüşü çətin ehtimal olunan hesab edir. Bununla belə, o vurğulayıb ki, Şimali Koreya bəzən Seulun gözləntilərini alt-üst edir.
Bir gün əvvəl Prezident Administrasiyasının Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Vi Sonq-lak da oxşar mövqe bildirmiş, Seulun hazırda belə bir görüşə hazırlıq əlaməti görmədiyini, lakin bu ssenariyə hazır olduğunu demişdi.
Niyaz Hacıyev
Sfera.aza






