ABŞ və Çin müharibəyə başlaya bilər - İDDİA

ABŞ və Çin orduları arasında etibarlı əlaqə kanalları yaradılmasa, iki ölkə birbaşa hərbi münaqişəyə cəlb oluna bilər.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin sabiq köməkçisi Erik Rozenbax və Harvard Universitetinin Belfer Mərkəzinin eksperti Kris Li bildirib.
Ekspertlər Tayvan yaxınlığında hava və dənizdə baş verən son insidentlərin artdığını vurğulayaraq iki tərəfin döyüş təyyarələrinin sonsuz görünən qarşılaşmalarını ciddi risk hesab ediblər. Onların sözlərinə görə, belə hadisələrin real münaqişəyə çevrilmə ehtimalı son illərdə ən yüksək həddə çatıb.
Məqalədə qeyd olunur ki, ABŞ-Sovet dövründən fərqli olaraq, hazırda Vaşinqton və Pekin arasında böhranların qarşısını ala biləcək real vaxt rejimində rabitə sistemi yoxdur.
Xatırladaq ki, 2001-ci ildə ABŞ kəşfiyyat təyyarəsinin Çin qırıcısı ilə toqquşması 10 gün ərzində diplomatik yolla həll edilmişdi. Lakin bu gün oxşar hadisənin nəticələrinin daha təhlükəli ola biləcəyi bildirilir, çünki Çin artıq daha güclü və iddialıdır. Rozenbax və Li hesab edirlər ki, ABŞ prezidenti Donald Tramp oktyabrın 30-da Cənubi Koreyada keçiriləcək APEC sammitində Çin sədri Si Cinpinlə ticarətdən çox, təhlükəsizlik sahəsində sabit rabitə kanallarının qurulmasına diqqət yetirməlidir. Onların fikrincə, əgər bu istiqamətdə irəliləyiş əldə olunsa, Tramp iki gücü mümkün III Dünya Müharibəsindən uzaqlaşdıran prezident kimi tarixə düşə bilər.
Niyaz Hacıyev






