"BMT-də islahatların aparılması zərurətə çevrilib"- Berbok

BMT Təhlükəsizlik Şurasında islahatların aparılması çoxdan zərurətə çevrilib, lakin bunun yaxın zamanda baş verəcəyi ehtimalı azdır.
Sfera.az xəbər verir ki, bu fikri “Politico” nəşrinə müsahibəsində BMT Baş Assambleyasının 80-ci sessiyasının prezidenti Annalena Berbok bildirib.
Almaniyanın keçmiş xarici işlər naziri vurğulayıb ki, bu istiqamətdə irəliləyiş daha çox şəffaflıq və veto qərarlarının səbəblərinin izahı kimi addımlarla mərhələli şəkildə həyata keçirilməlidir.
Berbokun sözlərinə görə, BMT-nin artan maliyyə təzyiqləri fonunda təşkilatın əsas fəaliyyət istiqamətləri daha dəqiq müəyyənləşdirilməlidir. O, blokadaları aradan qaldırmaq, bəzi agentlikləri birləşdirmək, sahə işçilərinin sayını artırmaq və süni intellektdən istifadə etməklə təşkilatın səmərəliliyini artırmağın vacibliyini qeyd edib.
ABŞ-nin BMT-dəki roluna toxunan Berbok bildirib ki, ABŞ Prezidenti Donald Trampın “Öncə Amerika” siyasətinə baxmayaraq, Vaşinqtonda çoxtərəfliliyə hələ də güclü və mühüm dəstək qalmaqdadır. O əlavə edib ki, BMT mübahisəli məsələlərin müzakirə olunduğu və həll yollarının axtarıldığı əsas platforma olaraq qalır və BMT Nizamnaməsinin prinsipləri şübhə altına alınmamalıdır.
Niyaz Hacıyev
Sfera.az






