Cənubi Koreyanın "canavar"ı hərbi tarazlığı dəyişəcək

Cənubi Koreya, Şimali Koreyanın artan nüvə təhdidinə qarşı “Hyunmoo-5” adlı yeni nəsil ballistik raket sistemini bu ilin sonuna qədər istifadəyə verməyə hazırlaşır. “Canavar raket” adlandırılan bu silah, regiondakı hərbi tarazlığı dəyişə biləcək gücdə qiymətləndirilir.
Sfera.az xarici mediaya xəbər verir ki, Cənubi Koreya Müdafiə Naziri Ahn Qyubak “Yonhap” agentliyinə açıqlamasında, “Hyunmoo-5” raketlərinin “qorxu balansı” yaratmaq üçün əsas vasitə olacağını bildirib:
“Şimalın təhdidlərinə qarşı dayanıqlı müdafiə üçün bu raketlərdən əhəmiyyətli sayda istehsal etməliyik”.
Təxminən 36 ton ağırlığında və 16 metr uzunluğunda olan “Hyunmoo-5” raketi 8 tonluq sığınacaq deşici döyüş başlığı daşıya bilir. Mobil platformadan buraxılan raket 600 kilometrdən 5 min kilometrədək məsafəni vura bilir. Müdafiə Nazirliyi raketin texniki detalları və yerləşdirmə tarixi barədə məlumat verməyib.
“Hyunmoo-5” layihəsi ilk dəfə 2010-cu ildə Şimali Koreyanın “Cheonan” hərbi gəmisini batırması və Yeonpyeonq adasını bombalaması nəticəsində gündəmə gəlib. Həmin hücumlarda 50 Cənubi Koreyalı həlak olmuşdu.
Cənubi Koreya nüvə silahına malik deyil və ABŞ-nin “nüvə qalxanı”na güvənir. Lakin 2017-ci ildə ABŞ-nin döyüş başlığı məhdudiyyətlərini ləğv etməsindən sonra Seul raket texnologiyasını sürətlə inkişaf etdirməyə başlayıb.
Hazırda Cənubi Koreya müdafiə xərclərinə görə dünyada ilk beşlikdə yer alır. Ölkənin illik hərbi büdcəsi Şimali Koreyanın ümumi daxili məhsulunun təxminən 1,4 mislinə bərabərdir.
Mütəxəssislər hesab edir ki, “Hyunmoo-5” raketinin istifadəyə verilməsi regionda balansı dəyişə, eyni zamanda, yeni silahlanma yarışına səbəb ola bilər.
Bəsti Rəfizadə
Sfera.az






