Almaniya və Avstriya Trampdan razılıq edib

Almaniya və Avstriya ABŞ prezidenti Donald Trampın Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində göstərdiyi səyləri müsbət qarşılayıb.
Sfera.az xəbər verir ki, bu barədə Almaniya Prezidenti Frank Valter Ştaynmayer Avstriya prezidenti Aleksandr Van der Bellenlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Prezident Van der Bellenin də qeyd etdiyi kimi, ölkələrimiz Ukraynada sülhün bərqərar olmasını istəyir. Biz ABŞ-nin danışıqlar prosesinə qoşulmasından məmnunuq”, – deyə Ştaynmayer Vyanaya üçgünlük səfəri zamanı deyib. Almaniya lideri əlavə edib ki, həm Almaniya, həm də Avstriya yalnız atəşkəslə kifayətlənmir, davamlı sülhə nail olunmasını istəyir. Onun sözlərinə görə, bu danışıqlar, mütləq Ukraynanın iştirakı ilə aparılmalıdır.
Ştaynmayer həmçinin bildirib ki, o, Van der Bellenlə görüşdə Rusiyaya təzyiqin artırılması və Ukraynanın daha da gücləndirilməsi yollarını ətraflı şəkildə müzakirə edib.
Xatırladaq ki, oktyabrın 16-da Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Donald Tramp liderlərin Budapeştdə görüşmək barədə razılığa gəldiyini açıqlayıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Moskva və Vaşinqton artıq Macarıstan paytaxtında keçirilə biləcək görüşə hazırlıqlara başlayıblar. Bununla yanaşı, oktyabrın 20-də Avstriyanın ən böyük müxalifət partiyası, Azadlıq Partiyasının baş katibi Kristian Hafeneker bəyan edib ki, Avstriya hökuməti neytrallıq siyasətindən uzaqlaşaraq ölkənin sülh vasitəçisi kimi etibarını zədələyib və gələcək Rusiya-ABŞ sammiti üçün potensial platforma olmaq imkanını əldən verib.
Niyaz Hacıyev
Sfera.az






