Maya Sandu iş adamının baş nazir olmasını istəyir

Moldova Prezidenti Maya Sandu 20 ilə yaxındır Ukraynada yaşayan iş adamı Aleksandr Muntyanunu baş nazir postuna namizəd irəli sürüb.
Sfera.az bu barədə Ukraynanın “24tv.ua” saytına istinadla xəbər verir.
Dövlət başçısı onun seçilməsini ölkədəki ağır iqtisadi vəziyyət və idarəetmə təcrübəsi ilə əlaqələndirib. Sandu bildirib ki, yeni baş nazir iqtisadi böhran fonunda ölkəyə xarici sərmayələri cəlb etməli və sabitlik yaratmalıdır. Namizədin təyinatı üçün parlament təsis iclasını keçirərək komitələr formalaşdırmalı, ardınca Muntyan öz proqramını təqdim edib etimad səsi almalıdır.
Əvvəlki baş nazir Dorin Recean seçkilərdən sonra hökumətə rəhbərlik etməkdən imtina edib. Sandu qeyd edib ki, yeni hökumət rəhbərinin profili iqtisadi olmalı idi və bir neçə namizədin təhlilindən sonra Muntyan ən məqsədəuyğun seçim kimi seçilib. Prezidentin sözlərinə görə, onun idarəçilik təcrübəsi və dəyərləri hazırkı hökumətin hədəfləri ilə üst-üstə düşür.
Qeyd edilib ki, Aleksandr Muntyan 61 yaşındadır və 20 ildir Ukraynada yaşayır. O, Kolumbiya Universitetində iqtisadi siyasətin idarə edilməsi və Moskva Dövlət Universitetində fizika üzrə magistr dərəcəsinə malikdir. Təhsilini başa vurduqdan sonra Moldova Elmlər Akademiyası və Moldova Texniki Universitetində müxtəlif akademik və rəhbər vəzifələrdə çalışıb. Həmçinin Amerika Ticarət Palatasının təsisçilərindən biri olub, Fransa Alyansına rəhbərlik edib, Cənub-Şərqi Avropa və Avrasiya üzrə Biznes Məsləhət Şurasının həmsədri olub. Moldova Milli Bankı yaradıldıqdan sonra valyuta departamentinə rəhbərlik edib və daha sonra Dünya Bankında işləyib. 2007-ci ildən Ukraynada fəaliyyət göstərən “Muntyan Dragon Capital”da özəl kapital departamentini idarə edib və 2016-cı ildə Şərqi Avropada fəaliyyət göstərən 4i Capital Partners investisiya şirkətini təsis edib. O, həmçinin Kiyevdəki Peçersk Beynəlxalq Məktəbinin Himayədarlar Şurasının üzvü və sədri olub.
Məlumata görə, sentyabrın 28-də Moldovada keçirilən parlament seçkilərində Sandunun Fəaliyyət və Həmrəylik Partiyası 50,2%, Rusiyayönlü Vətənpərvərlər Bloku isə 24,17% səs toplayıb. Seçki günü Mərkəzi Seçki Komissiyasının internet saytına və digər seçki resurslarına kiberhücumlar qeydə alınıb, təxminən 4000 veb-sayt müvəqqəti olaraq bağlanıb. Eyni zamanda bəzi partiyaların sosial şəbəkələrdə qanunsuz təbliğat apardığı bildirilir.
Firuzə Əliyeva
Sfera.az




